Bayraqdar.info – Xəbər verildiyi kimi, 1993-cü ilin aprel ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun Başlıbel kəndində mülki əhali kütləvi şəkildə vəhşicəsinə qətlə yetirilib. Qətlə yetirilmiş şəxslərin cəsədlərinin basdırıldığı yerlərin müəyyən edilməsi faktları üzrə Baş prokurorluq tərəfindən cinayət işi başlanaraq istintaq hərəkətləri davam etdirilir.
Bu haqda Baş Prokurorluq aprelin 26-da məlumat yayıb.
Məlumatda bildirilir ki, istintaq materiallarına əsasən işğaldan əvvəl 259 fərdi yaşayış evi, 1 orta məktəb, 1 uşaq bağçası, 1 xəstəxanası olan Başlıbel kəndi Kəlbəcər rayonunun ən böyük kəndlərindən biri olmaqla, əhalisinin sayı 1 min 996 nəfər olmuş, 3 min 232 hektar ərazisi olan kənd iki dağ çayının qovuşduğu yerdə, dəniz səviyyəsindən 2 min metr hündürlükdə Dəlidağın ətəyində rayon mərkəzindən 64 km məsafədə yerləşmişdir.
“Müəyyən edilib ki, 3 aprel 1993-cü il tarixində Ermənistan Silahlı qüvvələri Başlıbel kəndinə silahlı hücum edərək kütləvi surətdə kənd sakinlərinə məxsus evləri qarət etmiş və tamamilə yandırmışlar. Kəndi tərk edə bilməyən 62 nəfər təxminən 3 km aralıda, kəndin ən hündür hissəsində yerləşən “Portda” adlanan dağ relyefli ərazidəki təbii mağaralara sığınıblar. 62 nəfərdən 48 nəfər Başlıbel, 1 nəfər Taxtabaşı kənd, 4 nəfər Laçın rayon sakini, 9 nəfər isə kəndi müdafiə edən hərbi qulluqçular olub”, – deyə prokurluq bildirir.
Açıqlamada deyilir ki, törətdiyi vəhşiliklə kifayətlənməyən Ermənistan silahlı qüvvələrinin avtomat və iri çaplı silahlarla silahlanmış ünsürləri öz azğınlıqlarını davam etdirərək 1993-cü il aprelin 18-də silahsız mülki şəxslərin öz doğma kəndlərində qayalara sığındığı yerləri axtararaq aşkar etmiş, həmin gün saat 15-dən 21 radələrinədək köməksiz vəziyyətdə qalmış mülki şəxslərin gizləndiyi mağaraları atəşə tutmağa başlamışlar: “Nəticədə silahsız, hər hansı müqavimət göstərmək imkanına malik olmayan 12 nəfər (1 nəfər 12 yaşlı uşaq, 1 nəfər 16 yaşlı yeniyetmə, o cümlədən 6 qadın, 6 kişi olmaqla) girov götürülmüşdür. Həmin şəxslər sonradan girovluqdan azad edilsələr də, onlardan 9 nəfəri aldıqları mənəvi və psixoloji sarsıntılardan vəfat etmişlər”, – deyə prokurorluğun məlumatında vurğulanır.
Prokurorluq həmçinin qeyd edir ki, bundan başqa cinayətkar qruplaşmanın üzvlərinin əlindən qaçaraq mağaralarda gizlənən və vəhşilərdən canını qurtarmağa çalışan 36 şəxsdən 7 nəfəri də mühasirə şəraitində aldıqları xəsarətlərdən Kəlbəcər rayonunun müxtəlif kəndlərində dünyasını dəyişib.
“Sağ qalmış Başlıbel kənd sakinləri sonrakı tarixlərdə iki qrupa bölünməklə müxtəlif mağaralarda gizlənmiş, həyatları üçün yaranmış təhlükələrə baxmayaraq, 12 may 1993-cü ildə gecə saatlarında həmyerlilərinin qətlə yetirildiyi mağaraların yanına yaxınlaşıb odlu silahlarla qətlə yetirilmiş 12 nəfərin meyitlərini paltarlı vəziyyətdə iki cərgə (hər cərgədə 6 qəbir olmaqla) qəbirlər qazmaqla dəfn etdikdən sonra hadisə yerindən uzaqlaşmışlar.
1993-cü il aprelin 19-dan sonra isə sağ qalmış 29 nəfər şəxs 113 gün mühasirə həyatı yaşadıqdan sonra çətin dağ relyefinə malik yollarla Kəlbəcər rayonunun Çaykənd kəndinə, oradan Tərtər çayını və Qoşqar dağını keçməklə Daşkəsən rayonu istiqamətində meşələrlə irəliləyərək 1993-cü ilin iyul ayında Daşkəsən rayonunun Zivlən kəndinə çatmaqla həyatlarını xilas edə biliblər”, – deyə məlumatda yazılıb.
Açıqlamada o da bildirilir ki, Baş Prokurorluğun İstintaq idarəsinin müstəntiqləri tərəfindən məhkəmənin meyitlərin ekshumasiyası haqqında qərarına əsasən, 2021-ci il aprelin 24-də Kəlbəcər rayonunun Başlıbel kəndində müvafiq istintaq hərəkətləri keçirərək 50 sm dərinlikdə torpağa basdırılmış kəskin çürüməyə məruz qalaraq skeletləşmiş 12 nəfərin meyitlərinin qalıqları aşkar edilib. Bundan başqa, cinayət hadisəsinin baş verdiyi yerdə mülki şəxslərin gizləndiyi mağaralarda aşkar edilmiş müxtəlif məişət əşyaları, mülki şəxslərin qəsdən öldürülməsini sübut edən giliz və güllələr cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən qablaşdırlaraq rəsmiləşdirilib. Başlıbel kəndinə dron vasitəsilə keçirilmiş baxış zamanı həmçinin, kənd ərazisində işğaldan əvvəl mövcud olmuş bütün yaşayış evlərinin, inzibati binaların, infrastrukturun tamamilə bünövrəsinə kimi dağıdıldığı aşkar edilib.
“Zərərçəkmişlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün meyit qalıqlarından və dəfn edilmiş şəxslərin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən DNT-nin (dezoksiribonuklerin turşusu) təyini məqsədilə nümunələr götürülərək molekulyar-genetik və digər xüsusatların araşdırlması üçün tibbi-kriminalistik ekspertizalar təyin edilib. Hazırda hadisənin sağ qalmış şahidlərinin müəyyən edilməsi, onların dindirilməsi və iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi istiqamətində digər zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir”, – deyə xəbərdə bildirilir.
Baş Prokurorluq bəyan edir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Ermənistanın keçən əsrin 90-ci illərindən başlayaraq Azərbaycan vətəndaşlarına qarşı sülh və insanlıq əleyhinə törətdiyi cinayətlərin araşdırlması və təqsirkar şəxslərin müəyyən edilərək milli və beynəlxalq məhkəmə məsuliyyətinə cəlb edilməsi istiqamətində fəaliyyət davam etdiriləcək.