Bayraqdar.info – Baş Prokurorluqdan verilən məlumatda bildirilir ki, aprelin 26-da 18 saylı Birləşmiş şəhər xəstəxanasının vəzifəli şəxsləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.
İşin başlanmasına səbəb həmin xəstəxananın rəhbərliyinin qanunsuz əməlləri ilə əlaqədar vətəndaşlardan daxil olan müraciətlər olub.
“İstintaq-əməliyyat tədbirləri zamanı adıçəkilən xəstəxananın vəzifəli şəxsləri ilə tibb qeydiyyatçılarının qabaqcadan əlbir olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif pul məbləğləri müqabilində ayrı-ayrı vətəndaşların guya COVID-19 pandemiyası əleyhinə vaksinasiya prosesində müayinədən keçərək peyvənd olunmaları barədə yalan məlumatları müvafiq informasiya portalına daxil etmələri və bununla əlaqədar digər zəruri saxta sənədləri tərtib etmələrinə əsaslı şübhələr yaranmışdır”, – deyə prokurorluğun məlumatında qeyd edilir.
Hazırda cinayət işi üzrə digər halların və cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin də müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.