Bayraqdar.info – Şəhərin mərkəzindən Bakının Əhmədli qəsəbəsi istiqamətinə əvvəllər metro ilə gedirdim. Orada qohumlarım yaşayır. Ara-sıra onlara yolum düşürdü. Bu yaxınlarda qohumlardan vəfat edən olduğu üçün yenə Əhmədliyə getməli oldum. Və baş verənlər…
Əvvəla, onu deyim ki, yaşadığımız Yasamal rayonu ərazisindən Əhmədli tərəfə pandemiya dövründə açılmış tək “M2” marşrutları gedir. Biz səhvən M2A-ya mindik. İstər M2, istərsə də M2A-lar metrodan-metroya işlədiyi üçün bütün metrolara baş çəkməlidir. M2A Neftçilər metrosuna qədər getdiyi üçün orada düşüb Əhmədliyə gedən digər marşruta minməli olduq. Nə etməli, günahkar özümüz idik, marşruta səhv minmişdik.
Əsl həngamə isə Əhmədlidən geri dönəndə başladı. Deməli, axşam saat 21 radələri olardı. Əhmədli metrosunun üzərindəki dayanacaga yaxınlaşıb M2 gözlədik. Bu vaxt dayanacağın qarşısını tam kəsmiş taksilərdən gələn qulaqbatırıcı səslər yavaş-yavaş beynimizə işləməyə başladı. Qalın, yogun səs nazik cır səsə qarışmışdı: “Hövsana 1 manat, Hövsana 1 manat!”. Fikirləşdim ki, yolüstü gedən avtomobillərdir, 1-2 sərnişin götürüb gedəcəklər. Gördüm, yox. Biri gedir, dərhal onun yerini başqası tutur. Dayanacaqda yalnız taksilər və 10-12 nəfərlik “Qazel” markalı avtomobillərdir. Deməli, vəziyyət o qədər kritikdir ki, bir avtobusun cürəti çatmır ki, dayanacağa yaxınlaşsın. Qarga-quzgun kimi dayanacağı zəbt edən taksi, “Qazel” sürücülərinin heç nə vecinə deyil. Gur səslə – bağıra-bağıra müştəri haraylayır, müştəri “tutan” kimi cıxıb gedirdilər. Şəkillərini çəkdiyimi görüb bəziləri aradan çıxdı.
Gələk avtobuslara.. O dayanacaga daxil ola bilməyən marşrut avtobusları məcbur olub yolun ortasında dayanır, sərnişin mindirib düşürürlər. Deməli, yolun ortasında dayanaıb sərnişin düşürən və götürən avtobuslara minib düşənlər üçün də təhlükə yaranır. Çünki hər tərəfdən avtomobillər hərəkət edir. Biz orada dayandığımız 10-15 dəqiqə ərzində gördüklərimizdən şok olmuşduq. Dayanacaqda dayanıb marşrut gözləyən sərnişinlərdən biri: “Yazıq burada yaşayan insanların halına. Bu binalarda yaşayanlar cəhənnəm zülmü çəkir”, – dedi.
Sözün düzü bu vəziyyəti Bakı Nəqliyyat Agentliyi və ya Dövlət Yol Polisinin düzəltməli oldugunu dəqiq bilmirəm. Bu məsələni sahmana salmaq hansı quruma aiddir, onu da deyə bilmərəm. Amma hansı qurumun işidirsə, “iş” göz önündədir.
Bundan əlavə, şəhərin müxtəlif yerlərində BNA tərəfindən quraşdırılımış kart yükləmə aparatları işləmir. Kart yükləmə aparatları dayanacaqlarda quraşdırlıb. Bir dayanacaqda aparatın işləməməsi görün nə qədər problem yaradır, sərnişinlərin avtobuslara minə bilməməsinə səbəb olur, yeni aparat tapmaq üçün insanlar xeyli yol qət edib digər aparat yerləşən dayanacağa gedib kart yükləmək problemi ilə üzləşirlər.
Bakı Nəqliyyat Agentliyinin dayanacaqlarda quraşdırdığı avtobusların hərəkət monitorları isə çoxdan səıradan çıxdığı üçün işləmir. Ola bilər ki, məni bu kimi kiçik problemlərə toxunmaqda qınayanlar olacaq. Amma nəzərə alanda ki, həmin monitorların quraşdırılmasına milyonlarla vəsait xərclənib, o zaman oların işlək vəziyyətdə olması da diqqətdə olmalıdır. Eyni zamanda, kart yükləmə aparatlarının və dayanacaqların qaydasında olması minlərlə sərnişinin daşınmasını təmin edir. Həm də həmin vəsait dövlət büdcəsinə daxil olur. Beləliklə də zəncirvari şəkildə davam edən prosesdə zəncirin bir halqasının qırılması digər halqalarda da problem yaradır.
Paytaxtda daha bir böyük problem isə parklanma ilə bağlıdır. Yuxarıda taksilərin avtobus dayanacaqlarını zəbt eləməsi məsələsinə toxunduq. Bu, əslində, məsələnin bir tərəfidir, əsas məsələ isə ümumiyyətlə paytaxtda parklanmanın böyük bir problemə çevrilməsidir ki, illərlə həll olunmadan qalır. Mərkəzdəki parklanma yerləri çox bahadır, yol kənarlarında saxlanılan avtomobillər yolları dar və keçilməz edir, tıxacların yaranmasına səbəb olur.
Bundan əlavə bir də görürsən ki, məhəllələrin içində kimsə əlinə bir çubuq alıb avtomobil parklayır. Heç həmin yerdə parklanma lövhəsi yox, parklanmaya bəlkə icazə də yoxdur. Buna baxmayaraq, kimliyi bilinməyən adamlar özbaşına parklanma yeri düzəldir və pul yığır. Onlar kimlərdir, onlara kim o səlahiyyəti verib? Bu da bəlli deyil.
Hər il bu problemlərin öz həllini tapacağı ümidi ilə yaşasaq da, hələ ki, irəliləyiş yoxdur. Heç avtobuslar üçün ayrılan dayanacaqların qarşısındakı dayanma-durma yerlərini taksi və digər avtomobillərdən xilas etmək mümkün olmur, o ki qala başqa yerlərdəki parklanma probleminin həllinə. Baxmayaraq ki, avtobus dayanacaqlarında digər avtomobillərin dayanmasına görə cərimə tətbiq edilməlidir. Heç bu da yoxdur. Biz yenə də hər işə ümidlə və pozitiv baxdığımız kimi, bu məsələnin də tezliklə həll ediləcəyindən ümidimizi üzmürük.
Hə, onu da təkrar qeyd edək ki, ictimai nəqliyyat məsələlərinə Bakı Nəqliyyat Agentliyi baxır. Necə baxır? Təkcə Əhmədli metrosunun üzərindəki o xaosu görmək yetərlidir ki, cavab aydın olsun…
[…] – Məlum olduğu kimi, 26 aprel 2021-ci il tarixində bayraqdar.info-da “BNA nəhayət ki, ictimai nəqliyyatı tənzimləməyə başlayacaqmı?” adlı yazı dərc etmişdik. Bu gün – aprelin 28-də Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal […]