Son yeniləmə: 26 Aprel 2021 13:30
Bayraqdar.info – Polşanın paytaxtı Varşavada keçirilən Avropa Çempionatında idmançılarımız inamla medallar əldə edir. Güləş üzrə 5-ci bürünc medalı ölkəmizə Sənan Süleymanov (77 kq) qazandırıb.
Azərbaycan Güləş Federasiyasından bildirilir ki, ötən il Romada keçirilmiş analoji yarışda qızıl medal qazanmış Yunan-Roma güləşçimiz bu dəfə Varşavada Avropa üçüncüsü olub. Amma yarışda Sənana qarşı haqsızlıq edilib. Bunu o, özü Azərbaycan Güləş Federasiyasının saytına açıqlayıb. Deyib ki: “Özümü yarışa hazır hiss edirdim. Ötən il çempion olmuşdum. Bu il də eyni nəticəni təkrarlamaq istəyirdim. Ancaq müəyyən səbəblərdən qismət olmadı. Hakimlərin haqsızlığıyla üzləşdim. Məğlubiyyətə bəhanə gətirmək istəmirəm. Ancaq fikrimcə, Türkiyə güləşçisiylə görüşdə rəqibin ilk fəndində xal verilməməliydi. Bu epizoda qarşılaşmadan sonra bir neçə dəfə baxmışam. Üstəlik, parterdə olarkən rəqibə əlavə iki xalın verilməsini də doğru qərar saymıram. Etirazımız da qəbul olunmadı. Bu da mənə psixoloji cəhətdən mənfi təsir etdi. Alınmadı. Ancaq bürünc medal qazana bildim”.