Press "Enter" to skip to content

Azərbaycanlı alim beynəlxalq konfransda kurqanlardan danışdı

Bayraqdar.info – AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı beynəlxalq konfransda məruzə edib. Bu haqda xəbəri İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən veriblər.

Xəbərdə deyilir ki, “24 aprel 2021-ci ildə Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultan şəhərində Türk Dünyası Cəmiyyəti”, Qazaxıstanın Gənc Tarixçilər Assosiasiyası və Məmləkət Tarixi İnstitutunun birgə təşkilatçılığı ilə “Qazaxıstan və Türk dünyası: ictimai elmlər müstəvisində aktual problemlər” mövzusunda Beynəlxalq onlayn konfrans keçirilib. Konfransda Qazaxıstanla yanaşı Türkiyə, Azərbaycan, Özbəkistan, Qırğızıstan, Tatarıstan, Rusiya Federasiyanın digər muxtar respublikalarını təmsil edən tarixçi, arxeoloq, etnoqraf alimlər iştirak edib”.

Konfrans çevrimiçi (onlayn) rejimdə keçirilib. Burada AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə “İlk tunc dövrü Komanı-Kürəkçi kurqanları” adlı məruzə ilə çıxış edib. Tədqiqatçı öz çıxışında “son illərdə Azərbaycanın cənub-şərq bölgəsində İlk Tunc dövrünə aid kurqanlarda aparılmış arxeoloji qazıntılardan və bu tədqiqatların nəticələrinin Cənubi Qafqaz arealında mühüm əhəmiyyətindən danışıb”. O, qeyd edib ki, “Azərbaycan ərazisində kurqanların dövrü və yayılma arealı haqqında zəngin elmi məlumat bazası mövcuddur. “Kurqan” sözü və bu tip dəfnlərin etimologiya baxımından türk xalqlarına məxsusluğu danılmaz faktdır”.

Azərbaycanlı alimin məruzəsi maraqla dinlənilməklə bərabər müzakirələrə də səbəb olub.

Konfransın materialları toplu halında çap ediləcək.

Mission News Theme by Compete Themes.