Son yeniləmə: 25 Aprel 2021 10:40
Rusiya Araiki Moskvaya çağırır;
ABŞ Prezidenti Bayden “erməni soyqırımı” sözünü işlədir;
Fransa Senatının sədri İrəvanda qərəzli və birtərəfli açıqlama verir…
Rusiya, ABŞ və Fransa… – üçü də ATƏT-in Minsk qrupunun həmsədridir və üç ölkə haqqında bu üç cümlə belə… gerçək mənzərini ifadə gücündədir.
Araikin Moskvaya səfər xəbəri təsdiq edilsə də, edilməsə də, Moskvanın Xankəndindəki generalı Muradov zatən Araiki bağrına basıb; Araikin tayfasının xanım üzvü o generalın əsgərindən hamilə qalıb və s. və i.
Gəncəyə qadağan olunmuş raketlərdən zərbə əmrini üstlənən, orada körpələrin, dinc sakinlərin gecəyarısı qətlinə baiskar olan bir müharibə cinayətkarının hər hansı ölkəyə səfəri dözülməzdir, hələ-hələ Minsk qrupunun həmsədr ölkəsinə. O ölkəyə ki, sülhməramlı qüvvələri yuxarı Qarabağdadır. Əlbəttə, əgər doğrudan-doğruya sülhməramlı demək olarsa…
Bəli, Ermənistan mediasında yayılan informasiyaya görə, Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilmiş müharibə cinayətkarı, separatçıbaşı Araik Arutyunyan Moskvaya səfər edib. Bu səfəri kimlər və nə üçün təşkil etməlidir ki? Artıq ümum-Azərbaycan sualına dönüşən bir sualla desək, “Arutyunyan Rusiyaya hansı ölkənin pasportu ilə gedib”? Rəsmi Moskvanın sabah-birisigün bu barədə açıqlamasında hansı bəraətedici, müsbət çalar ola bilər ki?!.
Terrorçunu, separatçını, vandalı müdafiə etmək böyüklüyündən-kiçikliyindən asılı olmayaraq heç bir ölkəyə başucalığı gətirməz. O ölkə cırtdan Lüksemburq olsun, ən böyük əraziyə sahib Rusiya olsun – böyük ayıbdır, güvən itkisidir, münasibətlərin gələcək-sizliyidir. Separatizmin nə olduğunu yaxşı bilən yaxud yenidən alovlanmasını körükləyən bir ölkə araikkimilərin səfərini təşkil etməklə qətiyyən doğru yolda deyil.
Rusiya Araiki Moskvaya çağırmağa məcbur deyildi; əgər məcburdursa, vay Rusiyanın halına. Araikin başının üzərində Azərbaycan Dəmir Yumruğu varkən, ayağı altında Moskva qırmızı xalısı olsa nə olacaq? Araikin yalın ayaqla çıxdığı qırmızı xalı şüşə qırıqları ilə, kor tikanlarla doludur. Arayik nə qanır dünyada nə var, nə yox? O, artıq başı üzərindəki yumruğu da, yalın ayaqları altındakı şüşə qırıqlarını, kor tikanları da öz canında daha yaxından hiss edəcək. Arayiklərə qaçış yoxdur – ha Moskva, ha Paris, ha Vaşinqton… Lap bu üç şəhərin adını birləşdirib, neytral sularda yerləşən bir adacıqda VaşMosPar şəhəri salıb, Arayiki ora köçürsələr də, yenə bir terrorçubaşının, separatçının gələcəyi ola bilməz! Terrorçubaşı deyirik, əslində o, terrorçuçənəsidir, nə bilim, terrorçuburnudur. Sabah-birisigün Silahlı Qüvvələrimizin bir PUA-sı göy üzünə açılınca, baxmayacaq başdı, çənədi ya burun – öz işini qüsursuz görəcək. Cəhənnəmi çox gözlətmək olmaz – madam Arayik səfər üçün darıxıb, əbədi səfər nə üçün də olmasın..?
Bu arada, ermənilərin 22 apreldə, dövlət sərhədinin Zəngəzur səmtində törətdiyi təxribatla bağlı Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatdan da göründüyü kimi, qarşı tərəfi bir il öncəsindəki kimi bərk qaşınma tutub. Bir il öncənin yazını yaxşı xatırlayırıq: qondarma rejimə “seçkilər”, Şuşada “andiçmə”, qondarma “məclis”i Şuşaya köçürmə cəhdi, Cəbrayıla yol çəkmə, Kəlbəcərdə su elektrik stansiyası tikmə-filan. Nooldu bəs?!. Gorbagor oldu, olmadı? İndi – qalib Azərbaycanın kommunikasiyaların açılması, regional əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində fəaliyyət göstərdiyi bir zamanda belə hadisə(lər) törətmək siyasi-hərbi təxribatdan başqa bir şey deyil. Ermənilər ötən ilin yazını yox, payızını xatırlasınlar, bəlkə ağılları başlarına gələ…
Dörd tərəfi ilə yaxşı keçinməyi bacarmayan Rusiya isə əyilən qüdrətinin hayfını yaxın coğrafiyada aramasın – əksinə, uzaqlara və özünə baxsın: “mən harda yanlış yapdım?” deyə… Rusiya ta başından imperializm siyasətindən əl çəkib normal, ədalətli, mehriban qonşuluq siyasəti yürütməklə alternativlərin ən yaxşısını seçmiş olardı, olmadı.
Arayikin Moskva səfərindən keçək Baydenin 1915-ci il hadisələrinin növbəti ildönümü ilə bağlı çıxışda “erməni soyqırımı” ifadəsini işlətməsinə. 24 apreldə olmasa da, 40 il öncə də, o vaxtkı ABŞ Prezidenti bu ifadəni işlətmişdi. Hər ziyanda bir xeyir var: “qırx”ı çıxmış o deyilişin “təzələnməsi” də Türkiyə üçün dərin bir mahiyyət kəsb etməz. Zira ədalətsizliyin zəfəri lax olur, lax yumurtanı ha boya, ha ha neynə, xeyri yoxdur… ABŞ belə tarixşünaslıq edəndirsə, 106 il öncəyə gedib özünə zəhmət verməsin, 29 il öncənin dəlil-sübutlu soyqırımı var – adı Xocalı!..
Azərbaycan Prezidenti başda olmaqla dövlətimiz, cəmiyyətimiz rəsmən və qəlbən Türkiyənin yanında olduğumuzu anındaca və bir daha bildirdi! Türk Şurası da. Ümidvaram ki, digər türk dövlətləri də qardaş ölkəyə dəstək nümayiş etdirəcək.
İstərsəniz, mən bir öngörü də yazım, lütfkarlar onu bir qırağa qeyd etsin: Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsi bir dövrün qapanması, yeni bir dönəmin açılmasının xəbərçisidir və ermənilər bundan heç də qaza gəlməsin. – Türkiyə hər il təzələnən “Vaşinqton tərəddüdü”ndən qurtuldu, Ermənistan ABŞ-ın dərin minnəti ilə yükləndi; ABŞ “erməni soyqırımı” deməmişdən bir gün öncə olduğu kimi, sabah-birisigün “dəngə təmini”nə məcbur qalacaq, Türakiyəyə əl uzadacaq. Türkiyə zatən öz işlərini görməkdə davam edir: örnəyi, tam da 24 apreldə İraqın quzeyində PKK-ya qarşı yeni əməliyyatlar başlayıb, PKK liderlərindən biri daxil olmaqla xeyli terrorçu cəhənnəmə vasil edilib və s.
Baydenin işlətdiyi yanlış ifadə (ermənilərə edilən jest) güclü Türkiyə və cırtdan Ermənistandan savayı sanksiyalar altındakı Rusiyanı da ilgiləndirəcək, Rusiya bu yeni gəlişmədən “nəsib”ini alacaq…
O tərəfdən də Jerar Larşenin İrəvanda təşkil edilmiş bir sərgidə gördüklərindən “təsirlənərək”, “Artsax”da “erməni mədəniyyəti”nin izlərinin silinməsindən söz açması, ən yumşaq şəkildə desək, daha bir siyasi riyakarlıqdan xəbər verir. Bu, dövlət ciddiyyətindən uzaqlıqdır.
Senat sədri öz açıqlamalarında həm ATƏT-in Minsk qrupunun yenidən canlandırılmasına – həmsədrlərin (qrupun) işinə impuls verilməsinə çağırış edir, həm də açıq-aşkar ermənipərəst və anti-Azərbaycan, anti-Türk, anti-sülh mövqe nümayiş etdirir.
Rusiya, Amerika, Fransa…
Moskva, Vaşinqton, Paris…
Hər üçü soyqırım(lar) törədib, xalqların taleyi ilə oynayıb və hər üçü də olmayan “erməni soyqırımı”nın olmasında israrçıdır.
Bu üç ölkədə, üç paytaxtda olub-bitənlərə, hər üç paytaxtdan gələn rəsmi münasibət və münasibətsizliklərə diqqət etdikdə bizim 44 günlük Vətən Müharibəsinin dəyəri daha aydın təsəvvür olunur. Son gəlişmələr Qarabağda tarixi zəfərimizin yüksək əyarını bir daha göstərməkdədir. İndi görün biz 44 gün içində necə fövqəladə nəticə əldə etmişik! ATƏT-in Minsk qrupunun həmsədrləri – kəmsədrləri uzun illər boyu tutduqları ədalətsiz mövqeni bugün də davam və inkişaf etdirir. Necə deyərlər, biz ildırımlı yollarla gedərək üç daşın arasında unikal qələbə qazanmışıq.
Dünya üçdən də, beşdən də böyükdür!
Ustad demiş:
“Qədərin üstündə bir qədər vardır…
…Göylərdən gələn bir qərar vardır”!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
YAŞASIN TÜRK BİRLİYİ!