Bayraqdar.info – Qırğızıstan azərbasycanlıları Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməsini hərbi cinayət adlandırdı.
Bu haqda xəbəri bayraqdar.info-ya həmin ölkədə yaşayan jurnalist Ramiz Məşədihəsənli verib.
Güclü pandemiya virusunun kəskin yayılmasına baxmayaraq, Qırğızıstandakı Azəri İctimai Birliyinin təşəbbüsüylə həm bu məsələyə, həm də 24 aprel 1915-ci il ermənilərin uydurma soyqırımı gününə etiraz əlaməti olaraq toplantı düzənlənib. Qırğızıstan Azərbaycanlılarının lideri, əməkdar hüquqşünas Əzizağa Əliyev 30 ilə yaxın müddətdə Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərinin böyük bir hissəsini minaladığını görüş iştirakçılarının diqqətinə çatdırıb.
Əzizağa Əliyev deyib: “Gündəmin önəminə uyğun təcili görüşərək ən vacib məsələ sayılan ərazilərin minalardan təmizlənməsinə münasibətimizi bildirməliyik. Qeyd edim ki, Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verməzsə, minaların təmizlənməsi uzun illər sürə bilər və işğaldan azad olunmuş, ermənilərin xarabazara çevirdiyi ərazilərin bərpa işi istənilən müddətdən də gec başa çatdırılar.
Qürbətdə yaşayan bir azərbaycanlı kimi deyirik ki, ermənilər Azərbaycan tərəfinə həmin xəritələri verməyə borcludur. Biz indi üçtərəfli 10 noyabr bəyanatından 4 aydan çox vaxt keçdiyinə diqqət etsək, görərik ki, günümüzədək öhdəlikləri pozan ermənilərdir”.
Əzizağa Əliyev ərazilərin minalardan təmizlənməsinə beynəlxalq təşkilatların qoşulmasına dair müraciətin qəbul olunmasını vurğulayıb.
Natiq eyni zamanda 1965-ci ildən başlayaraq ermənilərin 24 aprel 1915-ci il tarixinə aid etdikləri uydurma soyqırımı iddiasını ortaya ataraq dünya ictimaiyyətini Türkiyəyə qarşı yönəltməyi hədəf tutan əməllərini də pisləyib. Türkiyəyə qarşı atılan hər bir addımın Azərbaycana qarşı da yönəldiyini bildirib. Uydurma erməni soyqırımı iddiasının tarixi həqiqətdən uzaq olduğunu vurğulayıb.
Toplantiya qatılan Qırğızıstan Ahıska Türkləri Cəmiyyətinin sədri Atamşah Dursunov, Prof. Dr. Zakir Qəmərli, “Türkel” Media Qurumunun prezidenti Hökümə Xəlilova, əməkdar həkim Mirkazım Bəşirov və digərləri çıxış edərək tarixdə erməni soyqırımının olmadığını bildiriblər.
Birinci dünya savaşı zamani ermənilərin vandalizmi nəticəsində 600 min türk – yaşlı, körpə, dinc əhali öldürülüb. Belə olduqda Türkiyə dövləti və türk hərbi komandanlığı erməni cəlladlarına cavab vermək məcburiyyətində qalıb.
Ahıska Türkləri Cəmiyyətinin başqanı əsl soyqırımın soydaşlarının 1944-cü ildə sürgünü olduğunu dilə gətirib.
Əzizağa Əliyev bir daha beynəlxalq təşkilatları erməni fitnə-fəsad və uydurmalarına uymamağa çağırıb.
Sonda Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini əks etdirən müraciətin beynəlxalq təşkilatlara ünvanlanması qərara alınıb.