Press "Enter" to skip to content

Beynəlxalq Türk Akademiyası erməni “soyqırımı” iddiasını araşdırmağa hazırdır

Bayraqdar.info – Astana mərkəzli Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Qıdıralı qondarma “soyqırım” iddialarını qınayan açıqlama ilə çıxış edib. D.Qıdıralı iki gündür gündəmi məşğul edən məsələylə bağlı fikirlərini bildirərək arxivlərin açılmasını, dürüst bir araşdırma aparılmasından yana olduqlarını bildirib.

“24 aprel tarixində qondarma “soyqırım” iddialarına dair açıqlamaları üzüntüylə izlədik. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına rəğmən belə həssas bir mövzunu siyasiləşdirməyi doğru hesab etmirik. “Soyqırım” anlayışının həmin dövrün şərtləri altında həyata keçirilən köçürmə qərarı ilə eyniləşdirilməsi ağlasığmazdır. Lakin məsələ siyasətçilərin deyil, ilk növbədə tarixçilərin məsələsidir. Bu səbəbdən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, arxivlər açılmalı, beynəlxalq komissiya bu sənədlər üzərində işləməlidir. Türk Akademiyası olaraq, bu məqsədlə qurulacaq komissiya və elmi qurumlarda yer almağa və hər cür töhfə verməyə hazırıq”, – deyə açıqlamada bildirilir.

Əlavə edək ki, açıqlama sosial media vasitəsilə yayımlanıb.

Xatırladaq ki, aprelin 24-də ABŞ Prezidenti Co Bayden ermənilərin hər il bütün dünyada qeyd etdiyi qondarma soyqırımıyla bağlı açıqlama yayıb. Açıqlamada 1915-ci ildə baş verənlərlə bağlı ermənilərin dərdini paylaşdığını deyən ABŞ Prezidenti bu hadisələri “soyqırım” kimi qeyd edib. Bunun ardınca Türkiyə və Azərbaycan dövləti, eləcə də ictimaiyyəti ABŞ-ı tənqid edən kampaniyalar aparır.

Mission News Theme by Compete Themes.