Bayraqdar.info – Aprelin 23-də Türkiyə Prezidenti Recep Tayyip Erdoğanım ABŞ Prezidenti Co Baydenlə telefon danışığı olub.
Bu haqda xəbəri R.T.Erdoğan özünün Telegram hesabında paylaşıb.
Türkiyə Prezidenti yazıb ki, ABŞ Prezidenti ilə “ikili münasibətlərin strateji təbiəti və qarşılıqlı maraq ilişkiləri təməlində işbirliyinin genişləndirilməsi amacıyla birlikdə çalışmanın vacibliyi xüsuslarında razılığa gəldik”.
“Görüş zamanı FETÖ-nün ABŞ-dakı varlığı və ABŞ-ın Suriyada PKK-PYD terror hörgütünə verdiyi dəstək kimi mövzuların çözümə qovuşdurulmasının Türk-Amerikan ilişkilərinin daha irəli səviyyələrə daşınması üçün önəmli olduğunu ifadə etdim”, – deyə R.T.Erdoğan davam edib.
Türkiyə Prezidenti onu da qeyd edib ki, tərəflər bu ilin iyun ayında gerçəkləşdiriləcək NATO liderlər zirvəsində ikili görüşmə haqda da anlaşıblar.
Telefon görüşməsilə bağlı Ağ Evdən də çox qısa açıqlama verilib.
“Prezident Cozef Bayden bu gün Türkiyə Prezidenti R.T.Erdoğanla telefonda danışıb. O, geniş işbirliyi sahələri və narazılıqların effektiv idarə edilməsi yönündə konstruktiv ikitərəfli əlaqələrlə bağlı istəyini çatdırıb. Liderlər iyun ayında keçiriləcək NATO Zirvəsi çərçivəsində təkbətək görüş keçirib ikitərəfli və regional məsələləri geniş müzakirə etmək razılığına gəliblər”, – deyə Ağ Evdən bildirilib.
Göründüyü kimi, liderlərin heç biri hazırda qızğın müzakirəsi gedən əsas məsələ – qondarma erməni soyqırımı haqqında heç nə açıqlamayıb. Halbuki geniş yayılmaqda olan xəbərlərə görə, ABŞ Prezidentinin aprelin 24-də məsələylə bağlı edəcəyi müraciətdə “erməni soyqırımı” ifadəsi işlədəcəyi yönündə manipulyasiyalar yer almaqdadır.
Yeri gəlmişkən qeyd edək ki, bu telefon söhbətinin ardından ABŞ mediasında Prezident C.Baydenin bu dəfəki çıxışında “erməni soyqırımı” ifadəsi işlədəcəyi yönündə xəbərlər daha da artıb. İddia olunur ki, prezidentlərin telefon söhbəti gərgin olub, C.Bayden R.T.Erdoğana bu ifadəni işlədəcəyini deyib. Bu iddianı guya telefon söhbətindən xəbəri olan, hətta işin içində olduğunu bildirən bir mənbə sızdırıbmış. Əlbəttə ki, konkret kimdən söhbətin getdiyi deyilmir. Anonimlik qorunur və bu da onu deməyə əsas verir ki, erməni təbliğat maşını hətta bu məqamda belə boş durmur.
Bizim qənaətimizsə budur ki, Türkiyə Prezidentinin ABŞ Prezidenti ilə bu görüşü sonuncuya Türkiyə dövlətinin önəmini xatırlatmaq, dünyanın super dövlətinin yanlışa yol verməsinin qarşısını almaq məqsədi güdüb. Yəqin ki, ABŞ Prezidenti bunu anlamışdır və ona görə də prezidentlər iyun ayında ikitərəfli görüş qərarına gəlib.
ABŞ Prezidentinin aprelin 24-də ermənilərin xatirəsinə edəcəyi çıxışda “erməni soyqırımı” ifadəsini işlədəcəyi ilə bağlı geniş tirajlanan xəbərlər isə sadəcə olaraq bir yandan Türkiyəyə psixoloji basqı, digər yandan da ermənilərə təskinlik məqsədi güdə bilər. Hər halda ABŞ Prezidenti o qədər də naşı birisi deyil ki, Türkiyə kimi tərəfdaş ölkəylə münasibətlərə iki sözə görə xələl gətirəcək əmələ yol versin…
Onu da əlavə edək ki, bu, C.Baydenin bu il yanvarın 20-də prezident kimi vəzifəyə başlamasından sonra liderlər arasındakı ilk təmasdır.