Press "Enter" to skip to content

Rusiya yenə də etimada layiq olmadığını göstərir…

Azər HƏSRƏT

Son yeniləmə: 24 Aprel 2021 18:42

Ermənistan mediası xəbər yayıb ki, Qarabağdakı bir ovuc erməninin dəstəbaşısı Araik Arutyunyan Moskvaya səfər edib. Xəbər doğrudursa, sual yaranır: hər şey bir yana, Azərbaycan tərəfindən axtarışa verilmiş bir şəxs necə olur ki, əlini-qolunu sallayaraq “qlobal güc” olduğunu, xalqların “haqqını qoruduğunu” iddia edən “hüquq dövləti” Rusiyaya belə rahat səfər edə bilir?

Başqa bir sual: səfər ümumiyyətlə necə, kimin tərəfindən və nə məqsədlə təşkil edilir? Üstəlik də bu terrorçu şəxs hansı ölkənin pasportuyla Rusiya sərhədini keçir? Azərbaycanın? Deyil. Çünki bu adam torpağında yaşadığı Azərbaycana öz ağlınca “dirəniş” göstərir. Ermənistanın? Çox güman ki, elədir. Elədirsə, cibində Ermənistan pasportu daşıyan adam lap elə cinayətkar olsa belə Azərbaycan torpağında nə gəzir? Üstəlik, bu axtarışda olan və çox ciddi cinayət əməllərində şübhəli bilinən şəxs necə olur ki, ruslarla cici-bacı olur?

Əlbəttə, indi kimsə (lap elə Rusiya) çıxıb deyəcək ki, A.Arutyunyanın əməlləri sübut edilməlidir filan. Əlbəttə, gün gələcək, ediləcək. Lakin axı bu adam açıq mətnlə çağırışlar edərək Azərbaycanın dinc əhalisi yaşayan, savaş bölgəsindən çox uzaqlarda yerləşən şəhərlərimizi, kəndlərimizi bombalatdırıb. Özü də gizlətmir bunu. Belə bir adamla oturub-durmaq Rusiya üçün ayıb sayılmazmı? Yumşaq desək əlbəttə. Yaxud da belə bir adamı rahat-rahat öz sərhədlərindən içəri almaq Rusiyanın bir dövlət kimi adına-abrına xələl gətirməzmi? Özünə hörmət edən hansı dövlət bu cür tipləri öz sərhədindən içəri buraxar?

Bütün bunları da bir tərəfə qoyaq. A.Arutyunyan Azərbaycanın unitar dövlət yapısına xəyanət edərək bölücülük yolu tutmuş sələflərinin ardıcılıdır. Yəni adamın işi dövlət parçalamaq üzərində köklənib. Rusiya da belə bölücülükdən az əziyyət çəkməyib və çəkməyə də davam edir. Belə bir şəraitdə “sənin bölücün yaxşıdır, mənimki pisdir” məntiqiyləmi hərəkət edir bu Rusiya adlı “super dövlət”?

Üstəlik, Azərbaycan Rusiyaya güvənərək onun silahlı qüvvələrini öz ərazisinə sülhməramlı qismində dəvət edib. İndi biz Rusiyaya güvənməkdə yanlışmı etdik? A.Arutyunyana qucaq açan Rusiya özünün sülhməramlı missiyasının da aldatmaca olduğunu göstərmiş olmurmu?

Bu Moskva səfəri bir də aprelin 22-də ermənilərin Azərbaycan sərhədində təxribatı fonunda baş verir. Heyrətamiz təsadüfdür, deyilmi? Bəlkə heç təsadüf deyil? Lap elə haqqımız var deyək ki, hər iki təxribatın arxasında Rusiya var. Çünki hansı tərəfə hərləsən bir tərəfi Rusiyaya gedib çıxan hər iki hadisədə təsadüf ehtimalı elə də çox deyil…

Nədirsə, odur. Rusiya ya Azərbaycanla etibarlı tərəfdaş, etimadı doğruldan dost olacaq, ya da bizi də məcbur edəcək ki, hazırda bu ölkəni hər tərəfdən sıxanların sırasına qoşulaq. Bizim dövlətimiz, hətta bizim kimi Rusiyaya heç vaxt güvənə bilməyən ayrı-ayrı vətəndaşlar (ki, əslində Azərbaycanda çoxluqdayıq) təmkinimizi basıb sakit oturmuşuq. İndi Rusiya bizi məcbur edir ki, yenə də dünyanın hər tərəfində bu ölkəyə qarşı olanlarla eyni səfdə yer alaq. Rusiyaya lazımdırmı bu? Lazımdırsa, biz yerimizdəyik. Zatən təcrübəmiz də yetərincədir bu sahədə…

Mission News Theme by Compete Themes.