Son yeniləmə: 24 Aprel 2021 11:05
Bayraqdar.info – Aprelin 23-də Orta Asiya ölkələri Xarici İşlər nazirləri və ABŞ Dövlət katibinin C5+1 formatında görüşü keçirilib. Bu haqda xəbəri Özbəkistan XİN-in “Dunyo” Axborot Agentligi yayıb.
Xəbərdə deyilir ki, Özbəkistan Xarici İşlər naziri Abduləziz Kamilov Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan Xarici İşlər nazirləri və ABŞ Dövlət katibi ilə birlikdə C5+1 formatında növbəti görüşdə iştirak edib. Görüş çevrimiçi (onlayn) keçirilib.
Tərəflər iqtisadiyyat, bölgədə təhlükəsizlik, iqlim dəyişikliyinə qarşı mübarizə, həmçinin Əfqanıstanda dayanıqlı sülhə nail olmaq istiqamətində məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
Özbəkistan tərəfi qeyd edib ki, qonşu ölkələrlə dostluq əlaqələrinin möhkəmləndirilməsi, bölgədə sabitliyin təmini və iqtisadi inkişafa nail olmaq ölkənin əsas xarici siyasət kursunu təşkil edir.
A.Kamilov Aral dənizindəki durum və vəziyyətin xilas edilməsi məsələsini də diqqətə çatdırıb.
Özbəkistanlı nazir sonda iştirakçı tərəfləri iyulda Daşkənddə keçiriləcək “Orta və Güney Asiya: regional əlaqələr. Çağırışlar və imkanlar” adlı yüksək səviyyəli beynəlxalq konfransa da dəvət edib.