Press "Enter" to skip to content

Bakıda “Qardaş ölkələr” adlı fotosərgi keçiriləcək

Son yeniləmə: 24 Aprel 2021 19:48

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Bakı nümayəndəliyinin mədəniyyət və təhsil attaşesi, tanınmış fotoqraf Tevfik Ulualın foto sərgisi keçiriləcək.

Bu barədə bayraqdar.info-ya rəssam, layihə rəhbəri Elnurə İsgəndərova məlumat verib.

“Həm də maraqlı fotoları ilə tanınan Tevfik Ulualın “Qardaş ölkələr” adlı ilk fərdi yaradıcılıq sərgisi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümə həsr olunub. KKTC-nin Bakı nümayəndəliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin dəstəyi ilə baş tutacaq sərginin açılış mərasimi aprelin 27-də saat 12:00-da “Azərkitab”da keçiriləcək”, – deyə o, əlavə edib.

Xatırlatma: 1963-cü ildə Lefkoşada anadan olmuş Tevfik Ulual 1990-2010-ci illərdə KKTC-nin Milli Təhsil və Mədəniyyət Nazirliyinin tabeliyindəki məktəblərdə ingilis dili müəllimi, 2010-cu ildən 2019-cu ilə qədər isə müdir müavini işləyib. 2019-cu ilin iyul ayından etibarən Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin mədəniyyət və təhsil müşaviri vəzifəsində çalışır.

2008-ci ildən fotoşəkillər çəkməklə məşğul olan Tevfik Ulualun çəkdiyi fotolar bir çox sərgilərdə nümayiş olunub və mükafatlara layiq görülüb. Onun mənzərə, təbiət, portret, idman və səyahətlə bağlı fotoları xüsusi olaraq diqqəti cəlb edir.

Mission News Theme by Compete Themes.