Toğrul İsmayıl: Qondarma erməni soyqırımı iddiası bu gün, əslində, xarici siyasətdə Türkiyəyə qarşı bir təzyiq vasitəsinə çevrilib
Bayraqdar.info – “Məlum olduğu kimi, ermənilər hər il 24 aprel tarixini uydurma erməni soyqırımı günü kimi qeyd edir. Onlar 1915-ci ildə Osmanlıda yaşayan ermənilərə qarşı guya soyqırımı həyata keçirildiyini iddia edərək, dünyanı uydurduqları bu yalana inandırmağa çalışırlar. Halbuki hər kəsə, hətta bu gün bu “soyqırımı” iddiasından Türkiyəyə qarşı təzyiq kimi istifadə etməyə çalışan bəzi xarici ölkələrə də belə bir soyqırımın olmadığı yaxşı məlumdur.”
Bunu bayraqdar.info-ya özəl açıqlamasında hazırda Kahramanmaraş Sütçü İmam Universitetinin (KSÜ) Siyasət Bilimi və Uluslararası İlişkilər bölümündə müəllim işləyən azərbaycanlı professor Toğrul İsmayıl deyib.
Onun sözlərinə görə, qondarma erməni soyqırımı iddiası bu gün, əslində, xarici siyasətdə Türkiyəyə qarşı bir təzyiq vasitəsinə çevrilib: “Bu məqamın özü də “soyqırımı” iddiasının arxasında hansı qaranlıq məqsədlərin dayandığını göstərir”.
Bəlli olduğu kimi məhz bu qondarma soyqırımı iddiaları ilə bağlı son günlərdə yenidən diqqət ABŞ-a yönəlib. Bu da səbəbsiz deyil. Çünki saxta soyqırımı iddiası ilə özünün “məzlum” obrazını yaratmaq istəyən təcavüzkar ermənilər ABŞ Prezidenti Cozef Baydenin ənənəvi çıxışında “soyqırımı” sözünün işlədilməsini arzulayır.
“Bəs, C.Bayden “soyqırımı” sözünü işlədə bilərmi və işlədərsə bunun ABŞ-Türkiyə, ABŞ-Azərbaycan münasibətlərinə təsiri necə ola bilər” sualını cavablandıran T.İsmayıl öncə onu bildirib ki, “soqırımı”na yanaşma baxımından C.Baydenin nə deməsinin heç bir önəmi yoxdur: “O mənada ki, tarixi gerçəklik var. O tarixi gerçəklik də belə şeyin olmadığının göstəricisidir”.
Məsələnin digər tərəfinə gəlincə, politoloq deyib ki, C.Baydenin seçim ərəfəsində bu vədi var: “Elə ABŞ tərəfindən son vaxtlar səslənən bəzi rəsmi açıqlamalardan da hiss olunan odur ki, C.Baydenin bu məsələdə ermənilərin lehinə çıxış etmə ehtimalı olduqca yüksəkdir. Təbii ki, bu baş verəcəyi təqdirdə Türkiyə-Amerika münasibətlərinə ciddi şəkildə təsir edəcək. Təbii ki, bu, eyni zamanda ABŞ-Azərbaycan münasibətlərinə də təsirsiz ötüşməyəcək”.