Press "Enter" to skip to content

Qırğızıstan Prezidenti özünə ictimai əsaslarla köməkçi təyin edib

Son yeniləmə: 23 Aprel 2021 16:08

Bayraqdar.info – Qırğızıstan Prezidenti Sadır Caparov Adinay Maripovanı özünün köməkçisi təyin edib. Bu haqda xəbəri S.Caparovun Ofisindən veriblər.

A.Maripova bu vəzifəni ictimai əsaslarla icra edəcək.

Bayraqdar.info: Belə anlaşılır ki, A.Maripova Prezidentin köməkçisi vəzifəsində əməkhaqqı almadan işləyəcək. Üstəlik də çox gənc olması diqqət çəkir. Bu isə əlavə suallar doğurmaya bilməz. Ona görə biz də A.Maripovanın kimliyi ilə bağlı kiçik araşdırma apardıq.

Bəlli oldu ki, A.Maripova 1993-cü il doğumludur. Yəni 28 yaşın içindədir. Gənc olmasına baxmayaraq siyasi fəallığıyla diqqət çəkir. Ötən ilin parlament seçkilərində “Mekençil” Partiyasından deputatlığa namizəd olub. Seçkini qazana bilməyib. Lakin S.Caparov Prezident kimi fəaliyyət göstərdiyi dövrdə onun ictimai təbliğatını aparmasıyla diqqət çəkib.

Prezidentin yeni köməkçisi keçmiş jurnalist, hazırda “Bişkek” Azad İqtisadi Zonasının baş direktoru olan Qüdrət Tayçabarovun bacısıdır.

Prezidentin təyinatında A.Maripovanın konkret hansı istiqamət üzrə köməkçi olması haqqında bir söz deyilmir. Lakin fəaliyyət istiqamətini nəzərə alsaq, yeni köməkçi yəqin ki, daha çox ictimai informasiya məsələləri üzrə Prezidentə yardımçı olacaq.

Əlavə edək ki, A.Maripova sosial medianın əsasən qırğızdilli seqmentində fəallığıyla seçilir.

Mission News Theme by Compete Themes.