Press "Enter" to skip to content

QHT-lər mərkəzləşmiş ictimai nəzarəti gücləndirəcək

Son yeniləmə: 23 Aprel 2021 19:25

Bayraqdar.info – Aprelin 23-də Azərbaycan Milli QHT Forumunun (MQF) təşəbbüsü, bir sıra QHT-lərin iştirakı ilə qurulmuş MQF İctimai Nəzarət Mərkəzinin “İctimai nəzarətin təmin olunması və qarşıda duran vəzifələr” mövzusunda ilk onlayn konfransı keçirilib.

Bu haqda xəbəri MQF Mətbuat Xidməti verib.

Xəbərdə deyilir ki, konfransda bir sıra dövlət qurumları, QHT-lər və media təmsilçiləri iştirak edib.

MQF-nin prezidenti Rauf Zeyni açılış çıxışında Prezident İlham Əliyevin vətəndaş cəmiyyəti qurumlarına olan çağırışına əsasən ölkədə ictimai nəzarətin genişləndirilməsinin vacibliyini vurğulayıb. O, Prezidentin QHT-lərə Dövlət Dəstəyi Agentliyi barədə Fərmanını QHT-lərin yüksək qiymətləndirdiyi bildirib.

Daha sonra çıxış edən Prezident Administasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin məsul əməkdaşı Vüsal Quliyev bildirib ki, “cəmiyyətin bütün sahələrində islahatların keçirildiyi, mühüm iqtisadi dəyişikliklər baş verdiyi bir dövrdə vətəndaşlarımız üzləşdikləri problemləri müvafiq qurumlara bildirməkdə cəkinməməli, bu prosesdə QHT-lər və media ictimai nəzarətin tətbiqində mühüm rol oynamalıdır”.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombusdman) Səbinə Əliyeva da konfransı yüksək dəyərləndirib. O, bildirib ki, “bu konfrans cəmiyyətimiz üçün olduqca aktual məsələləri əhatə edir, dövlət idarəçilik aparatında nəzarət mexanizminin olması əsas şərtlərdən biridir, ictimai nəzarət dövlətin diqqət mərkəzindədir və bu ictimai nəzarətin təmin olunması üçün vətəndaş cəmiyyəti institutlarından dəstək istəyirik”.

Konfransda dövlət qurumları – Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndəsi Nadir Adilov çıxış edərək müvafiq mövzuya dair öz fikirlərini bildiriblər.

Konfransın məruzəçiləri Fikrət Yusifov və Eyyub Hüseynov çıxışlarında mərkəzin yaranmasının və fəaliyyətinin əhəmiyyətini vurğulayıblar.

Fikrət Yusifov ölkənin iqtisadi sahələri barədə çıxış edərək bir sıra problemləri iştirakçıların diqqətinə çatdırıb.

Eyyub Hüseynov isə istehlakçı hüquqlarının müdafiəsi sahəsində bir çox məsələnin həllinin vacibliyini vurğulayıb.

Konfrans iştirakçılarından Novella Cəfəroğlu, Qorxmaz İbrahimli, Səadət Bənənyarlı, İlham İsmayılov, Əhməd Abasbəyli, İradə Rzazadə, Əhməd Qəşəmoğlu, Azər Əliyev, Zemfira Ağayeva, Varis Yolçuyev, Ruslan Atakişiyev, Məhsəti Hüseynova, Ruslan Quliyev, Eynulla Xeyrullayev, Qalib Nəbiyev, Tapdıq Abbas, İsrayıl İsgəndərov, Mehdi Mehdiyev, Vamiq Babayev də çıxış edərək cəmiyyətin mövcud problemləri və ictimai nəzarətin təmin olunmasına dair öz fikirlərini bildiriblər.

“Yekunda Səbinə Əliyeva və Vüsal Quliyev tədbir iştirakçılarına ictimai nəzarət sahəsində irəli sürdükləri fikirlər və bu sahədə göstərdikləri fəaliyyətə görə öz minnətdarlıqlarını bildirdilər. Rauf Zeyni bildirdi ki, burada qeyd edilən təkliflər və məsələlər MQF İctimai Nəzarət Mərkəzinin diqqətindədir və bu Mərkəz QHT-lərin birgə iştirakçılığı, dövlət qurumlarının əməkdaşlığı ilə ictimai nəzarətin təmin olunmasında geniş fəaliyyət göstərəcək”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.