Son yeniləmə: 23 Aprel 2021 15:07
Bayraqdar.info – “Ümid etmək istərdik ki, ABŞ administrasiyası tarixi səhvə yol verməyəcək.”
Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AZƏRTAC-ın ABŞ-ın qondarma erməni soyqırımını tanıma ehtimalıyla bağlı sualını cavablandırarkən səsləndirib.
“Qondarma və saxta erməni soyqırımı ilə bağlı Azərbaycanın qəti və birmənalı mövqeyi hər kəsə bəllidir. Əgər ABŞ-ın yeni administrasiyası tərəfindən belə bir addım atılacaqsa, bu, tarixi səhv olacaqdır. Azərbaycan həmişə qondarma erməni soyqırımının tanıdılması cəhdlərinin əleyhinə olub. Qondarma erməni soyqırımının tanınması tarixi saxtalaşdırmaqdır. Tarix tarixçilər tərəfindən araşdırılmalıdır. Bu hal baş verəcəyi təqdirdə, Azərbaycan qəti şəkildə onu qınayacaqdır.
Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, Türkiyəyə qarşı olan addım Azərbaycana qarşıdır və Azərbaycana qarşı olan hər hansı addım da Türkiyəyə qarşıdır.
Ümid etmək istərdik ki, ABŞ administrasiyası tarixi səhvə yol verməyəcək”, – deyə H.Hacıyev bildirib.
Bayraqdar.info: Əlavə edək ki, ermənilərin hər il aprelin 24-də dünya çapında qeyd etməyə çalışdığı qondarma soyqırım günü ərəfəsində həmişə ABŞ Prezidentinin bu günü rəsmən tanıyacağı barədə təbliğat aparılır. Lakin bu günə qədər heç bir ABŞ Prezidenti erməniləri bu mənada sevindirməyib. Bununla belə, hazırkı Prezident Co Baydenin əskidən gələn erməni sevgisinin olmasını nəzərə alaraq bəzi mərkəzlər onun bu dəfə öz müraciətində “erməni soyqırımı” ifadəsi işlədəcəyini proqnozlaşdırırlar. Bizsə düşünürük ki, Co Bayden də sələfləri kimi ABŞ-ın milli maraqlarını rəhbər tutaraq bu yanlış ifadəni işlətməyəcək.
Ermənilərin soyqırım kimi dünyaya sırımağa çalışdığı məsələyə gəlincə, onların iddiasına görə, guya 1915-ci ildə Osmanlı İmperiyasında milyon yarım erməni dövlət tərəfindən məhv edilib. Təbii ki, bu, cəfəngiyyatdan başqa bir şey deyil və ona görə də Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan, eləcə də onun sələfləri dəfələrlə Ermənistana təklif edib ki, arxivlər açılsın, ortaq və ya tərəfsiz araşdırma aparılsın. Lakin Ermənistan bu təklifdən inadla boyun qaçırır. Bu isə onu təsdiq edir ki, soyqırımın əsassız iddia olduğunu özləri də yaxşı bilirlər.
Yeri gəlmişkən, Böyük Britaniya və Fransa, eləcə də digər nüfuzlu dünya ölkələrinin yetərincə etibarlı mənbələrindəki məlumatlara görə, 1915-ci ildə Osmanlı Türkiyəsində yaşayan ermənilərin sayı cəmi 1 milyon 300 min civarında olub. Onlardan da ən azı 1 milyonu ABŞ və Avropaya, başqa ölkələrə köç edib. Köç etməyənlərin də hamısının öldürüldüyünü təsdiqləyən heç bir tutarlı mənbə yoxdur. Əgər ermənilərin milyon yarımlıq iddiası doğru olsaydı indi yer üzündə ümumiyyətlə erməni qalmamalıydı…