Press "Enter" to skip to content

Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub

Bayraqdar.info – Aprelin 22-də Abşeron rayonu Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub.

Bu barədə məlumatı president.az saytı dərc edib. Məlumatda bildirilir ki, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak edib.

“Palçıq Vulkanları Turizm Kompleksi Bakıdan 59 kilometr cənub-qərbdə, Qobustan qəsəbəsindən təxminən 17 kilometr şimal-qərbdə, Şamaxı istiqamətinə gedən əsas yolun üstündə dəniz səviyyəsindən 235 metr hündürlükdə yerləşən ərazidə yaradılacaq. Bura “Qılınc” palçıq vulkanlarının ərazisi kimi tanınır. Bu yerin turizm imkanları qiymətləndirildikdən sonra burada turizm kompleksinin yaradılması qərara alınıb. Beləliklə, “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində növbəti turizm infrastrukturunun yaradılması layihəsi icra olunur”, – deyə məlumatda bildirilir.

Açıqlamada deyilir ki, Prezidentin “Bura gələn qonaq, turistlər burada nə görəcək?” – sualına Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev məlumat verərək bildirib ki, bu kompleksin binası yuxarıdan krater kimi görünəcək. Eyni zamanda, burada emalatxana da fəaliyyət göstərəcək. Uşaqlar üçün dərslər keçiləcək, həmçinin, sərgi zalı və kafe də olacaq.

““Qılınc” palçıq vulkanlarının yerləşdiyi ərazidə turizm kompleksinin yaradılmasının bir sıra üstünlükləri var. Yaxınlıqda yerləşən və dünyanın ən böyük vulkanlarından olan “Torağay”a və digər vulkanlara mənzərənin açılması, burada turistlərə gəzinti üçün əlverişli şərait yaradan 3 müxtəlif vulkan qrupunun olması, Qobustan qoruğunun yaxınlığında yerləşməsi kimi amillər buranın turistik önəmini daha da artırır”, – deyə o bildirib.

Daha sonra dövlət başçısı Palçıq Vulkanları Turizm Kompleksinin təməlini qoyub.

Məlumatda göstərilir ki, sahəsi 12 hektar olan kompleksdə kvadrotsikl ərazisi, piyada yürüş yolları, ziplayn və baxış qülləsi, avtodayanacaq, suvenir dükanı, eləcə də müalicəvi vannalar nəzərdə tutulur.

Əraziyə gedən yol infrastrukturunun qurulması üçün Qobustan qoruğundan “Qılınc” və ətraf ərazilərdəki vulkanlara gediş-gəlişi təmin edəcək, eləcə də, Bakı-Qobustan-Palçıq vulkanları turizm klasterinin yaranması ilə nəticələnəcək 20 kilometrlik yolun çəkilişi planlaşdırılır.

Sonda bildirilir ki, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva vulkanların yerləşdiyi ərazini gəzib.

Mission News Theme by Compete Themes.