Press "Enter" to skip to content

“Erməni soyqırımı” iddiası tək Türkiyə deyil, bütün türk dünyasına iftiradır

Cəlil Xəlilov: “Azərbaycan hər bir işdə olduğu kimi erməni yalanlarına qarşı mübarizədə də qardaş Türkiyənin yanında olub və bundan sonra da yanında olacaq”

Bayraqdar.info – Hər il 24 aprel tarixi ermənilər tərəfindən “soyqırım günü” kimi qeyd edilir. Tamamilə absurd və xəstə təfəkkür məhsulu olan bu iddia ilə bağlı açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov onu “bütün türk dünyasına atılan iftira” kimi dəyərləndirib:

“Şübhəsiz, “erməni soyqırımı” iddiasının heç bir fakta istinad etmədiyi, tarixi həqiqətlərə deyil, siyasi qərarlara söykəndiyi hər kəsə məlumdur. Lakin təəssüflər olsun ki, həm Ermənistan və erməni diaspor təşkilatları, həm də bəzi dövlətlər bundan Türkiyəyə qarşı siyasi təzyiq məqsədi ilə istifadə etməyə, onun imicinə, tarixdə oynadığı sülhpərvər missiyasına kölgə salmağa çalışır. Onların məqsədi tarixi saxtalaşdırmaq, Türkiyəyə qarşı yeni tələb və iddialar üçün zəmin formalaşdırmaqdır. Halbuki 1915-ci ildə Türkiyədəki ermənilərin yaşadıqları ölkəyə xəyanət edərək qiyam qaldırdığı, minlərlə türkü – uşağı, qocanı, hamilə qadını qətlə yetirdiyi ilə bağlı çoxsaylı və təkzibedilməz tarix faktlar mövcuddur. Yəni ermənilər 1915-ci ildəki olayların qurbanları deyil, türk xalqına qarşı törədilən soyqırımın sifarişçiləri və icraçılarıdır. Belə olan halda ermənilərin öz etdikləri cinayətləri Türkiyənin boynuna qoymaq cəhdləri siyasi həyasızlıqdan və əxlaqsızlıqdan başqa bir şey deyil”.

C.Xəlilov Azərbaycan xalqının hər zaman və hər bir məsələdə qardaş Türkiyənin yanında olduğuna da diqqət çəkib:

“Azərbaycan və Türkiyə tarixin ən keşməkeşli dönəmlərində belə bir-birlərinin yanında yer alıb, bir-birlərinə qardaş yardımı göstərib. Azərbaycan hər bir işdə olduğu kimi erməni yalanlarına qarşı mübarizədə də qardaş Türkiyənin yanında olub və bundan sonra da yanında olacaq. Biz Türkiyə ilə birlikdə ermənilərin qondarma soyqırım iddialarını ifşa etməkdə davam edəcək və bütün dünyaya türk dünyasının haqq səsini çatdıracağıq”.

C.Xəlilov onu da vurğulayıb ki, “erməni soyqırımı” iddiası “sadəcə Türkiyəyə deyil, bütün türk dünyasına atılan iftiradır və bu iftiraya, bu tarixi yalana qarşı mübarizədə Türkiyəyə dəstək olmaq bizim hər birimizin milli, vicdani və insani borcumuzdur”.

Əlavə edək ki, xəbəri Respublika Veteranlar Təşkilatının mətbuat xidməti təqdim edib.

Mission News Theme by Compete Themes.