Press "Enter" to skip to content

Daha bir buraxılış imtahanı keçirildi, nəticələr 3 həftəyə bilinəcək

Son yeniləmə: 23 Aprel 2021 19:39

Bayraqdar.info – Dövlət İmtahan Mərkəzi aprelin 23-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanlarını keçirib.

“İştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub. İmtahanlar 16 şəhər və rayonda keçirilib. İmtahanların təşkil edilməsi üçün ümumilikdə 85 imtahan binası, 1 min 359 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 85 ümumi imtahan rəhbəri, 225 imtahan rəhbəri, 1 min 712 nəzarətçi-müəllim, 170 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 85 bina nümayəndəsi ayrılıb.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə iştirakçılar üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub. İmtahan binasına daxil olan iştirakçıların bədən hərarəti məsafədən ölçə bilən elektron termometrlə yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan iştirakçılarının bədən hərarəti normaya uyğun olub”, – deyə DİM-in yaydığı məlumatda bildirilir.

Qeyd edilib ki, aprelin 24-dən etibarən DİM imtahan protokollarının və cavab vərəqlərinin emalına başlayacaq.

O da qeyd edilib ki, imtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.