Son yeniləmə: 23 Aprel 2021 09:06
Bayraqdar.info – Aprelin 22-də Böyük Britaniya (BB) Parlamentinin İcmalar Palatası Çində dövlətin uyğurlara qarşı tətbiq etdiyi basqıçı siyasəti soyqırım olaraq tanıyıb.
Bu haqda xəbəri Böyük Britaniya parlamentindən veriblər.
Dünya mediasında da geniş diqqət görən xəbərə görə, İcmalar Palatası təklifi heç bir etiraz olmadan qəbul edib. Baxmayaraq ki, BB hökuməti müzakirələrdən öncə belə bir təklifə tərəfdar olmadığını bildirib, Parlamentdə səsvermə zamanı hökumət üzvləri ona qarşı olmayıblar.
Qəbul edilmiş təklif hökumət üçün bağlayıcı olmasa da Çində insan haqları pozuntularına münasibət baxımından çox ciddi əhəmiyyət daşıyır.
Sənədə görə, “Çinin Doğu Türküstanda uyğur azlığına qarşı tətbiq etdiyi siyasət soyqırımı və insanlıq əleyhinə cinayətə bərabərdir”.
Parlamentin konservativ üzvlərindən biri, Çinin sanksiyasına məruz qalmış deputat Nus Gəni deyib ki, “soyqırımla bağlı yanlış anlaşılma var ki, bu guya tək bir əməl – kütləvi qırğındır. Bu yanaşma yanlışdır”.
O, soyqırımı təsdiqləyən bütün halların – milli, etnik, irqi və dini əlamətlərə görə bir qrupu tam və ya qismən məhvetmənin Çinin Doğu Türküstan bölgəsində müşahidə edildiyini deyib.
Qeyd edək ki, Çin bu sənədin qəbuluna dərhal reaksiya verib. Çinin Londondakı səfirliyi yazılı açıqlamayla çıxış edərək belə bir davranışın qəbuledilməz olduğunu bəyan edib.
Əlavə edək ki, Çinin uyğurlara qarşı tətbiq etdiyi məhvetmə siyasəti illərdir bütün dünyada geniş təpki görməkdədir. Son illərdə isə bu təpkilər daha da artıb. Artıq ABŞ hökuməti, Nideland parlamenti və Kanadanın Baş Naziri Castin Trüdo uyğurlara qarşı soyqırımı rəsmən tanıyıb, Çini qınayan çıxışlar edib. Bir neçə ölkə də məsələni müzakirə etmək ərəfəsindədir.
Burada onu da xatırladaq ki, Çin rəsmi rəqəmlərə görə sayı 20 milyondan çox olan türk azlığa, əsasən də uyğurlara qarşı açıq yoxetmə siyasəti yürüdür. Uyğur qadınların uşaq doğması qeyri-insani yöntəmlərlə rəsmən əngəllənir, ailələrin kişiləri və gəncləri Doğu Türküstandan iş adı altında Çinin ucqar bölgələrinə daşınır, evində kişi qalmayan ailələrə ölkənin başqa yerlərindən türk olmayan kişilər yerləşdirilir. Bunun da adını “xalqlar arasında qaynaşma” qoyurlar.
Çinin bütün bu insanlıq dışı əməlləri dünyanın gözü qarşısında baş verdiyi halda bir çox ölkələr hələ də biganə münasibət sərgiləməyə davam edir…