Son yeniləmə: 23 Aprel 2021 17:11
Bayraqdar.info – Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından aprelin 23-də verilən xəbərdə deyilir ki, Yunan-Roma güləşçimiz Eldəniz Əzizli (55 kq) qitə birinciliyinə inamlı qələbə ilə başlayıb. Dünya və Avropa çempionumuz Bolqarıstan güləşçisini elə ilk hissədə məğlubiyyətə uğradıb. Dörddə bir finala yüksələn güləşçimizin rəqibi Gürcüstanlı Nuqzari Tsurtsumia olacaq.
Digər güləşçimiz Taleh Məmmədov ilk görüşdə bolqar həmkarına qalib gəlib. Dörddə bir final mərhələsində idmançımız Qraçya Poqosyan (Ermənistan) ilə qarşılaşıb. 63 kq çəki dərəcəsində Taleh Məmmədov xaraketer göstərərək son saniyələrdə aldığı 2 xalla erməni güləşçiyə qalib gələrək yarımfinala yüksəlib.
Millimizin üzvü Sənan Süleymanov (77 kq) səkkizdə bir finalda Finlandiyalı rəqibini üstələyib. İdmançımızın növbəti rəqibi Yunus Əmrə Başar (Türkiyə) olacaq.
“Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medala sahib olublar. Qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə səkkiz qat Avropa çempionu adını qazanıb”, – deyə Federasiyadan bildirilib.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 18:45-də yarımfinal görüşləri uğrunda mübarizə başlayacaq.