Press "Enter" to skip to content

TV aparıcılığıyla bağlı qəfil qeydlər – VİDEOLAR

Azər Həsrət

İllər öncənin söhbətidir. Bir dəfə Qazaxıstanın Qostanay şəhərində yerli TV-nin səhər efirinə dəvət etmişdilər. Canlı, özü də hardasa 45 dəqiqə filan. Mənimlə birgə Finlandiyadan bir ekspert də vardı. Bu finlər də az danışandır axı. Ona görə də iş qalmışdı mənim üzərimdə. Üstəlik, verilişin aparıcıları – gənc qızla oğlan çaşıb qalmışdılar. Elə ilk andan anladım ki, bunlar durumu idarə edə bilməyəcəklər. Çünki adi bir əyalət TV-sinin çox gənc aparıcılarının iki beynəlxalq eksperti danışdırması həqiqətən də asan məsələ deyil. Üstəlik də bunlardan biri danışmağı heç sevmirsə.

Belə olan halda təşəbbüsü ələ almalı oldum. Gənclər onlara tapşırılan suallar ətrafında, heç özləri də bilmədikləri məsələlər haqqında söhbət qurmağa çalışırdılar, lakin alınmırdı. Ona görə də yardımçı olmaq üçün hərəkətə keçdim. Fin dostumuz hər suala quru-quru, qısa cavab verib işini bitmiş sayırdı. Mənsə düşünürdüm ki, səhər efiri belə quru – cansıxıcı olmamalıdır.

Və gəncləri vəziyyətdən çıxarmaq, ümumiyyətlə efirin dinamikasını yüksəltmək üçün öz metodlarımı işə saldım. Bir neçə dəqiqə sonra artıq olduqca qızğın söhbət gedirdi və aparıcıların da üzündə əməlli-başlı çiçək açmışdı. Yəni vəziyyəti beləcə xilas etdim. Efirdən sonra bizim Qazaxıstandakı tərəfdaşımız olan xanımla söhbətimizdə qayıtdı ki, “atam deyir o oğlan yaman danışırdı”. Atası da 70 yaşlı ağsaqqaldır.

İndi sözümün canı odur ki, Azərbaycan TV kanallarında bəzən səhər verilişlərində (ümumiyyətlə elə başqa verilişlərdə də) aparıcılar o qədər kasad, dayaz olur ki, o dinamikanı ala bilmirlər. Üstəlik, dəvət etdikləri qonaq da “ııı”, “aaa”, “uuu” ilə danışır, nə danışdığını özü anlamır, ağzından çıxanlar inandırıcı səslənmir və bununla da tamaşaçı kanalı dəyişməli olur.

Bəs çıxış yolu nədir?

Əlbəttə ki, əsas çıxış yolu yaxşı aparıcılar tapmaqdır. Aparıcı zəif olsa heç Azər Həsrət də bəzən vəziyyəti xilas edə bilməyəcək.

Aparıcı sadəcə yaxşı tələffüzü olan adam demək deyil. Bu həm də geniş dünyagörüşü, mütaliəsi, savadı olan hazırlıqlı şəxs deməkdir.

İkinci əsas məsələ bu cür verilişlərə danışa bilən, aurası pozitiv, dinamikası və nitq qabiliyyəti yüksək olan qonaqların dəvət edilməsidir.

Həm aparıcı, həm də onun qonağı danışmağı bacaranda tamaşaçı əsla və əsla kanalı dəyişmir. Çünki söhbət o qədər axıcı, ardıcıl olur ki, tamaşaçı heç başqa şey haqqında düşünməyə belə macal tapmır və efirə ilişib qalır.

Ümumiyyətlə isə, canlı və cansız olmasından asılı olmayaraq söz çeynəyən, başqalarının dediyini təkrarlayan, danışarkən inandırıcı görünməyən adamları efirə buraxmaq olmaz.

Səs tonu də unudulmamalıdır. Çünki bəzən həqiqətən də işini-sözünü bilən birisi efirə çıxır, amma tamaşaçı onu dinləmək üçün özünü məcbur edə bilmir. Olduqca yeknəsəq, emosiyasız danışanlar hətta qızıl xırdalasa da auditoriya onu dinləmək istəməyəcək.

Bu qeydləri eləməyimə səbəb nə oldu? Sualın cavabı odur ki, bəzən TV kanallarımızda belə aparıcılara rast gəlirəm və düşünürəm ki, əcəba, nədir bu qurumları məcbur edən ki, bu cür adamlara efir etibar edirlər? Doğrudanmı danışa və danışdıra biləcək aparıcı qıtlığıdır?

Qeyd: Xatırlayanlar xatırlar. 2013-cü ilin mayından 2017-ci ilin mayına qədər – yəni 4 il “Xəzər” TV-də həftədə bir dəfə – bazar günləri axşam efirə gedən cəmi 5 dəqiqəlik veriliş aparırdım. “Tərs bucaq” adlı bu veriliş əməlli-başlı reytinq yığırdı. Hətta bəzən ölkənin müxtəlif bölgələrində olduğumda şəxsimə, “adam sizin verilişə baxanda ekrandan ayrılmaq istəmir, amma heyif ki, veriliş tez bitir” deyənlər də olub. Səbəb nə idi? Səbəbi məni o veriliş üçün dəvət edəndə demişdilər: sən inandırıcı danışa bilirsən.

Bax, belə. Aparıcı inandırıcı danışmağı bacarmalıdır.

Yeri gəlmişkən, hər verilişdən sonra çalışırdım ki, bu işi bilənlərin reaksiyasını öyrənim. Əyər-əskiyim varsa düzəldim. Sağ olsun, çox dəyərli insanlar fikirlərini paylaşırdılar.

Bir dəfə təcrübəli həmkarımız Bəxtiyar Qaracadan fikrini soruşdum. Başqalarının demədiyini dedi: “adam efirə baxanda istər-istəməz düşünür ki, bu adamın danışdığı elə-belə söhbət ola bilməz. Burada vizual görüntü, yaş, təcrübə, üstəlik də ağızdan çıxan sözlərin sırası – sanbalı mühüm rol oynayır”.

Ola bilsin ki, dəyərli Bəxtiyar müəllimin sözlərini tam da olduğu kimi təqdim edə bilmədim. Çoxdanın söhbətidir. Lakin əsas məğzi bu oldu və əlbəttə ki, sevindim. Çünki o, məndən qat-qat artıq jurnalistika təcrübəsi olan birisidir, çoxları üçün bir mürşid rolu oynaya bilər.

Bu qeydlərimə illər öncə TV efirlərində qonaq olduğum verilişlərdən bəzilərini də əlavə edirəm. Düşünürəm ki, örnək təşkil etməsi və ya sadəcə tənqid üçün material ola bilər.

Sonda: Ən mühüm məqamların başında müsahibin uzun-uzadı danışması gəlir. Bəzən ekspert kimi dəvət edilənlər verilən sual qarşılığında dəqiqələrlə (çox vaxt da boş-boş) danışıb həm özlərini, həm də aparıcını yorurlar. Lakin tamaşaçını yora bilmirlər. Çünki ekspertin cavabı 2-ci dəqiqəni keçəndən sonra tamaşaçıların çoxu artıq kanalı dəyişmiş olur…

Mission News Theme by Compete Themes.