Press "Enter" to skip to content

Qarabağın azadlığını dəstəkləyən mədəni fəallar Ərdəbil məhkəməsində

Son yeniləmə: 22 Aprel 2021 09:13

Bayraqdar.info – Ermənistanın Azərbaycana qarşı işğalçılığına etiraz edən və Qarabağın işğaldan azad olunmasına dəstək verən 12 ərdəbilli milli-mədəni fəal bu şəhərin Ümumi və İnqilab Məhkəməsinə çağrılıb.

Aprelin 21-də məhkəmənin elektron sistemi vasitəsilə göndərilən bildirişdə milli-mədəni fəallar Hüseyn Balaxani İsalı, Mustafa Pərvin Cuda, Mürtəza Pərvin Cuda, Müctəba Pərvin Cuda, Həmid Heydəri Barış, Məhəmməd Colani Ocaq, Pərviz Siyabi Gürcan, Sübhan Bəxşi, Mehdi Huşmənd, Bəhmən Xeyrcu, Əsgər Əkbərzadə Xızrabadi və Səccad Colanidən bildirişi aldıqdan 5 gün müddətində son müdafiələrini etmək üçün Ərdəbil şəhərinin Ümumi və İnqilab Məhkəməsinin 10-cu istintaq şöbəsinə müraciət etmələri istənilib.

Bildirişdə adı çəkilən fəallara qarşı “səs-küy salmaqla ictimai asayişi və intizamı pozmaq”, “bilərəkdən özünə bədən xəsarəti yetirmək”, “iş başında olan polis əməkdaşlarını təhqir etmək və tabe olmamaq”, “rəhbəri təhqir etmək” və “ölkənin daxili təhlükəsizliyinə qarşı aksiyada iştirak etmək və əlbir olmaq” ittihamları irəli sürülüb.

Xatırladaq ki, sentyabrın 28-i 2020-ci ildə Güney Azərbaycanlı milli fəallar Ərdəbilin Ciral parkında Quzey Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda apardığı əməliyyatlara dəstək mitinqi keçirib. Həmin vaxt bir qrup milli fəal təhlükəsizlik qüvvələri tərəfindən vəhşicəsinə döyülərək həbs edilib.

Ərdəbillə yanaşı Tehran, Təbriz, Urmiya şəhərlərində keçirilən oxşar mitinqlərdə bir sıra fəallar və vətəndaşlar həbs edilib, onlardan bəziləri girov müqabilində müvəqqəti sərbəst buraxılıb.

Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurmanın başlamasından bəri İran təhlükəsizlik qüvvələri Güney Azərbaycan şəhərlərində və Tehranda Azərbaycan ordusuna göstərilən hər hansı bir mənəvi dəstəyi yatırmış, yüzlərlə türk fəal və vətəndaşı tutmuş, işgəncə vermiş və həbs etmişlər.

Hadisənin üstündən aylar keçməsinə baxmayaraq milli-mədəni fəalların məhkəmə prosesləri hələ də davam edir.

C.E

Qaynaq: GünAz.TV

Mission News Theme by Compete Themes.