Press "Enter" to skip to content

“İnklüziv teatr”ın iştirakçıları ilə ilk görüş

Bayraqdar.info – Azərbaycan Dövlət Akademik Musiqili Teatrında UNESCO tərəfindən təsdiq edilən “İnklüziv teatr” layihəsi üçün onlayn kastinq yolu ilə seçilən eşitmə məhdudiyyətli uşaq və gənclərlə teatr rəhbərliyinin ilk görüşü keçirilib.

Bu barədə aprelin 22-də Teatrdan bayraqdar.info-ya xəbər verilib.

Görüşdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev teatr studiyasının nəzdində yaradılan “İnklüziv teatr” barəsində tədbir iştirakçılarına ətraflı məlumat verib, qarşıda duran vəzifələrdən danışaraq yaradıcı heyətə uğurlar arzulayıb.

Qeyd edək ki, teatr studiyasının bədii rəhbəri, görkəmli teatr və kino aktrisası, Xalq artisti Şəfiqə Məmmədovadır.

““İnklüziv teatr” layihəsində iştirak etmək üçün seçilən gənclər arasında “Səssiz dünya” işarət dilində danışan əlillərə və idmançılara dəstək ictimai birliyinin təsisçisi, videobloger, vayner, müxtəlif maarifləndirici sosial çarxların müəllifi kimi yaxşı tanınan Mahmud Səfərov və həmin ictimai birliyin sədri Aida Səfərova layihə iştirakçıları adından bu maraqlı işə görə öz təşəkkürlərini bildirdilər. Qeyd olundu ki, bu layihədə həmin birliyin üzvləri üstünlük təşkil edirlər”, – deyə xəbərdə bildirilir.

Xəbərdə daha sonra bildirilir ki, Bakı Uşaq və Gənclər Teatrının aktyoru, tanınmış illüziyaçı Tofiq İsgəndərli də görüşdə çıxış edərək yaradıcı kollektivə uğurlar arzulayıb, bu humanist və gözəl layihədə yaxından iştirak edəcəyini və öz dəstəyini əsirgəməyəcəyini vurgulayıb.

Bir daha bildirilir ki, “Yaradıcılıq studiyası”nın tərkibində fəaliyyətə başlayan “İnklüziv teatr” layihəsinin kollektivi ilə görüşlər və təlimlər əsasən onlayn şəkildə, pandemiyanın tələb etdiyi qaydalara əməl edilməklə aparılacaq.

Mission News Theme by Compete Themes.