Son yeniləmə: 22 Aprel 2021 19:02
Bayraqdar.info – Baş Prokurorluqdan verilən məlumata görə, aprelin 22-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan məlumat əsasında istintaq-əməliyyat tədbirləri keçirilib.
Məlumatda göstərilir ki, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əliaga oğlu qeyri-rəsmi köməkçiləri olan, həmin müəssisənin qeydiyyatçıları Orucov Qulu İlqar oglu və İmamverdi Taleh Mövlam oğlu ilə qabaqcadan əlbir olaraq koronaviruslu xəstələrin özünün rəhbərlik etdiyi xəstəxanada yerləşdirilməsi və eləcə də xəstələrin stasionar qaydada yüksək səviyyədə müalicə almaları üçün müxtəlif vəsaitlərin yığılmasına razılıq verdiyinə dair əsaslı şübhələr yaranıb. Açiqlamada göstərilir ki, baş həkim pulları həmin köməkçiləri ilə öz arasında böləcəkmiş. Köməkçilər həmçinin, xəstəxananın 15 saylı VİP hesab edilən korpusunda yerləşdirilmələri üçün hər xəstədən müxtəlif məbləğlərdə pullar alıblar.
Faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.
Açıqlamada o da bildirilir ki, Baş Prokurorluq vətəndaşlara müraciət edərək bu qəbildən olan cinayətlərlə üzləşənlərə prokurorluğun 961 nömrəli cağrı mərkəzinə və Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 qaynar xəttinə zəng vurub xəbər vermələrini xahiş edir.