Son yeniləmə: 22 Aprel 2021 19:10
Bayraqdar.info – Baş Prokurorluqdan aprelin 22-də verilən məlumatda bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri Oruc Məmmədov barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və o, həbs edilib. Baş həkimin həbsinə səbəb qanunsuz olaraq əlillik dərəcəsinin təyin edilməsi üçün vətəndaşdan 2 min 500 manat məbləğində pulu rüşvət olaraq alması faktıdır.
“Belə ki, Oruc Məmmədovun öz həqiqi təsir imkanlarından istifadə edərək koronavirus infeksiyasına (COVID-19) yoluxmaqla stasionar şəraitdə müalicəyə ehtiyacı olan şəxsin Fövqəladə Hallar Nazirliyinin Zığ qəsəbəsində yerləşən Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalına yerləşdirilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşdan 4 min manat məbləğində pul vəsaitini almasına əsaslı şübhələr yaranmışdır”, – deyə Prokurorluq açıqlamada bildirir.
Açıqlamada daha sonra bildirilir ki, qeyd olunanlarla bağlı Oruc Məmmədova CM-nin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 312.1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda qeyd olunan cinayət işi üzrə cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.