Son yeniləmə: 22 Aprel 2021 18:27
Bayraqdar.info – “Son vaxtlar bəzi şəxslər sosial şəbəkələrdə yol-patrul xidməti əməkdaşlarının patrul avtomobillərini görünməyən yerlərdə dayandıraraq qayda pozuntularını aşkar etmələrindən narazılıq edirlər. Görünür məsələyə bu şəkildə yanaşanlar DYP-nin əsas funksiyalarından xəbərsizdir.”
Bu açıqlamanı aprelin 22-də Daxili İşlər Nazirliyi yayıb.
Açıqlamada bildirilir ki, “Yol hərəkəti hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnununa, еləcə də DYP-nin хidməti fəаliyyətini nizаmlаyаn normаtiv hüquqi аktlаrın tələblərinə əsasən, yol hərəkətinə nəzаrəti həyаtа kеçirən DYP əməkdаşlаrının vəzifəsi xidmət apardığı yol sahəsində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlər görmək, qayda pozuntularını vaxtında aşkar edib təqsirkar şəxsləri inzibati məsuliyyətə cəlb etmək və bu kimi qabaqlayıcı tədbirlərlə baş verə biləcək ağır yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır.
Odur ki, patrul avtomobillərindəki xüsusi texniki vasitələrin köməyi ilə inzibati xəta hadisələrinin aşkar edilməsi də yol-patrul xidməti əməkdaşlarının vəzifə borcudur. “Eyni zamanda, yollarda hərəkətin təhlükəsizliyi baxımından bütün sürücülərin qaydalara əməl etməsi məhz onların özləri və avtomobildə daşıdıqları sərnişinlərin həyat və sağlamlıqlarının qorunması üçün olduqca vacibdir”, – deyə açıqlamada bildirilir.
Bayraqdar.info-dan: Düzü, bu açıqlamada konkret maddələrə istinad edilsəydi maarifləndirmə baxımından çox yaxşı olardı. Yoxsa məsələyə tam aydınlıq gətirilmiş olmur. Söhbət, əlbəttə ki, bəzən DYP maşınlarının kol-kosda gizlənib xidmət aparmasından, bəzən də gizli yerlərdə kamera quraşdırmasından gedir. Əlbəttə, biz bunun doğrudan da belə olduğunu deyə bilmirik. Lakin sosial mediada bu cür hallar haqqında geniş danışılır və sürücülər də DYP əməkdaşlarının niyə gizli şəkildə xidmət aparmasını sorğulayır. O baxımdan açıqlama müəllifləri daha aydın fikirlərlə bu durumu izah edə bilərdilər deyə düşünürük.
Bununla belə polis sistemində, o cümlədən DYP-də son illər ərzində aparılan və vətəndaş məmnunluğuna səbəb olan müsbət dəyişiklikləri də qeyd etmədən keçə bilmərik. Ona görə də istənilən neqativ halın araşdırılması, polisə yaraşmayan əməllərə yol verən şəxsi heyət üzvlərinə qarşı uyğun tədbirlər görüb ictimaiyyəti məlumatlandırmaq ümumi işin xeyrinədir.