Son yeniləmə: 22 Aprel 2021 18:49
Bayraqdar.info – Baş Prokurorluqdan verilən məlumata görə, aprelin 22-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Nəticədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə daxil “Yeni Klinika”sının direktoru Abbasov Pərviz Akif oğlu həbs edilib. Məlum olub ki, klinikanın direktoru qurumun digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq koronavirus xəstələrinin özünün rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi qarşılığında onların yaxınlarından müxtəlif məbləğlərdə rüşvət alınması üçün razılığa gəlib. Həmin razılaşmaya uyğun olaraq öz tanışları olan Hüseynov Əvəz Ənvər oğlu, Mirzəyev Samir Qənaət oğlu və Əliyeva Vüsalə Firidun qızı vasitəsi ilə ayrı-ayrı koronavirus xəstələrinin “Yeni Klinika” tibb müəssisəsində stasionar müalicə alması üçün yerləşdirilməsi müqabilində onların yaxınlarından hər xəstənin yerləşdirilməsi üçün 3000-3500 manat məbləğində pul almalarına dair əsaslı şübhələr müəyyən olunub.
“Cinayət işi üzrə toplanmış sübutlarla Pərviz Abbasov barəsində Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan olunub”, – deyə məlumatda bildirilir.
Açilqlamada daha sonra deyilir ki, habelə, qeyd edilən qanunsuz əməllərin törədilməsində Pərviz Abbasova köməkçilik etmələrinə əsaslı şübhələr yaranmış Əvəz Hüseynov və Vüsalə Əliyeva həmin Məcəllənin 32.5, 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət almağa köməkçilik) təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilib. Samir Mirzəyev isə eyni qanunsuz əməllərin törədilməsinə görə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə qeyd olunan digər qanunsuz halların tam və hərtərəfli araşdırılması aparılır.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan pozuntularla üzləşən vətəndaşlara Baş Prokurorluğun 961 nömrəli Çağrı Mərkəzinə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 – qaynar xətt əlaqə mərkəzinə məlumat vermələrini tövsiyə edir.