Press "Enter" to skip to content

Azərbaycanla Serbiya arasında ticarət dövriyyəsi 6,3 faiz artıb

Bayraqdar.info – Azərbaycanla Serbiya arasında hələ 2013-cü ildə imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə, 2018-ci ildə imzalanmış strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı iki ölkə arasında dostluq münasibətlərinə əsaslanan əməkdaşlıq əlaqələrinin xeyli genişlənməsinə imkan yaradıb. Keçən il də Serbiya ilə ticarət dövriyyəsi 6,3 faiz artıb.

Bu fikirlər Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayevlə Serbiya Respublikasının Əmək, Məşğulluq, Veteranlar və Sosial İşlər naziri Dariya Kisiç Tepavçeviçin onlayn formatda keçirilən görüşündə bildirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, nazir Sahil Babayev həmçinin Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyətini diqqətə çatdırıb.

S.Babayev görüşdə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər barədə məlumat verib. Eyni zamanda Azərbaycanda aparılan sosial islahatlar, əmək, məşğulluq, sosial təminat sahələrində tətbiq olunan innovativ yeniliklər, sosial müdafiə və aktiv məşğulluq proqramları, pandemiya dövründə ölkəmizdə həyata keçirilən iqtisadi və sosial dəstək tədbirləri barədə qarşı tərəf məlumatlandırılıb.

Görüşdə Azərbaycanda tikinti, xidmət sahələri üzrə 4 Serbiya şirkətinin fəaliyyət göstərdiyini deyən nazir, Serbiyada da Azərbaycanın “Azvirt” şirkətinin uğurlu fəaliyyətini qeyd edib. Ümumilikdə iki ölkənin işgüzar dairələri arasında əlaqələrin inkişafının, biznes sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsinin Hökumətlərarası Komissiyanın fəaliyyətinin prioritetlərindən olduğu bildirilib.

Görüşdə o da vurğulanıb ki, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında Saziş” layihəsi hazırlanıb. Layihə imzalandıqdan sonra sosial sahədə qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əlaqələr, təcrübə mübadilələri genişlənəcək.

D.K.Tepavçeviç isə öz növbəsində Serbiyanın Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini, iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olmasının məmnunluq doğurduğunu vurğulayıb. O, ölkəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəkləyini qeyd edib. Hazırlanmış yeni əməkdaşlıq sənədi layihəsinin sosial sahədə ikitərəfli əlaqələrin inkişafına zəmin yaradacağını deyib.

Görüşdə Azərbaycan və Serbiya arasında sosial sahədə gələcək əməkdaşlıq əlaqələrinə dair müzakirələr aparılıb.

Mission News Theme by Compete Themes.