Bayraqdar.info – BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin Quba-Xaçmaz iqtisadi rayonunda həyata keçirilən layihələri çərçivəsində fəaliyyətlərinin icrası davam edir.
Ofisdən verilən məlumata görə, hazırda regionda icra edilən “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsi və “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi” layihəsi çərçivəsində regionda tərəvəzçilik təsərrüfatı ilə məşğul olan fermerlərə pomidor toxumları təqdim olunub.
Sözügedən hər iki layihə və Aqrar Xidmətlər Agentliyi ilə birgə əməkdaşlıq çərçivəsində, Quba – Xaçmaz regionunda müəyyən edilmiş yerli fermerlərin və Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun Xaçmaz Bölgə Təcrübə Stansiyasının sahələrində beynəlxalq təcrübədən istifadə olunmaqla pomidor əkininin aparılması nəzərdə tutulur. Belə ki, fermerlərə pomidor toxumlarının paylanılması ilə yanaşı onlar üçün Azərbaycanda zərərvericilərə qarşı mübarizə, üzvi kənd təsərrüfatı və kimyəvi vasitələrdən düzgün istifadə qaydaları üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə tərəvəzçi fermerlər Xaçmaz DAİM-ə dəvət edilib və onlara BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının regionda həyata keçirilən layihələri haqqında məlumat verilib.
Görüşdə “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsinin Quba regionu üzrə əməkdaşı Əzizağa Atakişiyev hər iki layihənin məqsəd və vəzifələri haqqında məlumat verərək iştirakçıların suallarını cavablandırıb. Sonda fermerlərə toxumlar və bölgədə həyata keçirilən layihələrə dair informasiya materialları təqdim edilib.
Xatırladaq ki, FAO-nun həyata keçirdiyi, Avropa İttifaqının maliyyələşdirdiyi “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsi Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsi məqsədilə ölkə üzrə 5 illik strategiya hazırlanması ilə yanaşı 2 pilot region – Gəncə və Qubada bu strategiyaya uyğun fəaliyyətlərin icra edilməsini nəzərdə tutur.