Bayraqdar.info – Novruz bayramı günlərində Qırğızıstan Prezidenti Sadır Caparova məktub yazıb komuz hədiyyə istəyən 3-cü sinif şagirdi bugünlərdə istəyinə çatıb.
Bu haqda xəbəri Qırğızıstan Prezidentinin Aparatından veriblər.
Çu vilayəti, Sokuluk rayonunun eyniadlı mərkəzindəki kənd musiqi məktəbinin 3-cü sinif şagirdi Adinay Cumaqadirova bu ilin Novruz bayramı günlərində ölkə Prezidentinə məktub yazaraq ondan milli musiqi aləti olan komuz xahiş edib. Məktəbli onu da xahiş edib ki, komuz ərik ağacından hazırlanmış olsun.
Balaca qızcığazın məktubu ünvana çatıb və aprelin 20-də Prezident Aparatının şöbə müdiri Kudaybergen Bazarbayev ona Prezident Sadır Caparovun hədiyyəsini şəxsən çatdırıb.
Hədiyyəni təqdim edərkən K.Bazarbayev bildirib ki, ölkə Prezidenti uşaqlara həmişə diqqətlə yanaşır və gələcək nəslin hərtərəfli inkişafının qayğısına qalır.
“Adinayın məktubu ünvanına çatıb. Uşaqların arzuları çin olur. Əsas olan arzu etmək və qarşıya məqsədlər qoymaqdır. Bu gün biz Sadır Caparovun adından Adinaya komuz musiqi alətini təqdim etməkdən məmnunuq. Qızın xahiş etdiyi kimi alət ərik ağacından hazırlanıb. Ölkə başçısı ümid edir ki, Adinay bacarıqlı bir musiqiçi olacaq və ölkəni müxtəlif beynəlxalq yarışlarda təmsil edəcək”, – deyə K.Bazarbayev bildirib.
Adinayın anası Asel Asanaliyeva bildirib ki, Prezidentə məktub yazmaq Adinayın öz ideyası olub.
Adinaysa deyib ki, komuzdan səliqə ilə istifadə edəcək, çalışacaq ki, məşhur komuz çalan olsun.