Bayraqdar.info – “Azərbaycan Höküməti ilə Asiya İnkişaf Bankı arasında imzalanmış kredit sazişi çərçivəsində Şəki rayonu Dərəcənnət və Təpəcənnət, Yevlax rayonu Qaraoğlan və Quşçu, Ucar rayonu Alpı və Qulabənd, Zərdab rayonu Yarməmmədbağı, Körpükənd və Əlvənd, Ağcabədi rayonu Şənlik kənd yollarının bərpasının maliyyələşdirilməsi qərara alınıb.”
Məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yayıb.
Bildirilir ki, layihəni icra etmək AAYDA-ya həvalə olunub. Layihəyə əsasən, qeyd edilən kənd yollarının ümumi uzunluğu 61,7 kilometrdir. Bərpa edilən yolların hər birinin eni 10 metr təşkil edir. Yolların gediş-gəliş hissəsinin eni 3,5 m olmaqla 7 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 1,5 m olmaqla 3 metrə bərabərdir.
Həmçinin, uzunluğu 5,2 km olan Şəki şəhərinin Təpəcənnət yolunda 14 ədəd, 6,2 km olan Dərəcənnət kənd yolunda isə 24 dairəvi suotürücü boru quraşdırılıb. Həmçinin 1 düzbucaqlı su keçidi inşa edilib. Hazırda hər iki yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.
Yevlax rayonunda 2 kənd yolunun yenidən qurulması işi son mərhələdədir. Bu, 4,4 km uzunluğa malik Qaraoğlan və 3,2 km-lik Quşçu kənd yollarıdır. Bundan başqa, yollar boyunca mövcud suötürücü borular istismara yararsız vəziyyətdə olduğundan ümumilikdə 57 nöqtədə dairəvi suötürücü boruların quraşdırılması işləri aparılır.
Ucar rayonunda isə 3,5 km uzunluğa malik Alpı və 3,4 km-lik Qulabənd kənd yolları inşa edilir. Yollar boyunca ümumilikdə 31 ədəd dairəvi suötürücü boru quraşdırılır. Bunun ardınca isə yollara 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulur.
Zərdab rayonu ərazisində 3 kənd yolunda iş gedir. Bu, uzunluğu 15,9 km olan Yarməmmədbağı, 4,7 km uzunluğa malik Körpükənd və 5 km-lik Əlvənd kəndlərinin yollarıdır. Hazırda yollar boyu xüsusi texnikalardan istifadə olunmaqla yatağın genişləndirilərək profilə salınması və IV texniki dərəcəyə uyğun inşası, həmçinin lazımi qarışıqlardan istifadə olunmaqla yol əsasının tikintisi işləri həyata keçirilir. Yarməmmədbağı, Körpükənd və Əlvənd kənd yollarında müvafiq olaraq 20, 10 və 9 ədəd dairəvi suötürücü borunun quraşdırılması da layihə üzrə nəzərdə tutulur.
Zərdab rayonu ilə yanaşı Ağcabədi rayonunda Şənlik kəndi yolunun da yenidən qurulması işlərinə başlanılıb. Hazırda kəndə gedən 10,2 km-lik yolda yeni yol əsası inşa edilir. Mövcud suötürücü borular istismara yararsız vəziyyətdə olduğundan 16 nöqtədə dairəvi suötürücü boruların quraşdırılması işləri və mövcud 2 avtomobil körpüsünün əsaslı şəkildə təmiri də layihəyə daxil edilib.
Açıqlamada qeyd eilir ki, yol tikintisinə nəzarət işlərini İtaliyanın “IRD Engineering” şirkəti yerinə yetirir. Tikinti üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb edilib. Bu yollar 10 kəndin 12 mindən artıq əhalisi ilə yanaşı, bütün arzu edənlərin rahat gediş-gəlişini təmin edəcək.