Press "Enter" to skip to content

Çeçenistanın əfsanəvi lideri Cövhər Dudayevin xatirə günüdür

Bayraqdar.info – Sovetlərin dağılmasının ardından Çeçenistanın müstəqillik yolunda hərəkatına başçılıq etmiş, Azərbaycanın da yaxın dostu olan Cövhər Dudayev 1996-cı il aprelin 21-də Rusiyanın təşkil etdiyi xüsusi əməliyyatla məhv edilib.

Sovet dönəmində aviasiya general-mayoru rütbəsinə qədər yüksələn Cövhər Dudayev SSRİ ordusunun yeganə çeçen generalı olub.

O, Sovetlərin dağılmasının ardından ölkəsinin müstəqilliyini elan edərək bu yolda can və qan qoymasıyla bütün dünyada dillərə dastan olmuşdu.

Cövhər Dudayev hesab edirdi ki, uzun illər rusların işğalı altında qalmış çeçen xalqının da müstəqil yaşamağa, öz haqqını tələb etməyə ixtiyarı çatır.

Çeçen liderə görə, artıq Rusiya ilə ikitərəfli dinc qonşuluq münasibətləri və bərabərhüquqlu dövlətlər kimi yaşamağın vaxtı yetişib.

Lakin təəssüflər olsun ki, yeni Rusiya da öz sələfləri olan SSRİ və Çar Rusiyasından fərqli davranmadı. Nəinki çeçenlərin, ümumiyyətlə heç bir xalqın azadlıq haqqını tanımayan Rusiya bütün hərbi arsenalını səfərbər edərək bir ovucluq çeçen xalqına qarşı uzun sürən qanlı hərbi aqressiyaya üstünlük verdi. Nəticədə Çeçenistanın altı üstünə çevrildi, yüz minlərlə, o cümlədən də uşaqlar, qadınlar, yaşlılar daxil olmaqla, dinc insanlar məhv edildi. Bütöv ailələr-nəsillər yer üzündən silindi Rusiyanın bu azğın təcavüzü nəticəsində.

Sonda isə xüsusi əməliyyatla Cövhər Dudayevin özü də məhv edildi.

Düzdür, onun şəhadətə qovuşmasından sonra da çeçen xalqı dirənişi davam etdirdi. Lakin Rusiyanın bitib-tükənməz imkanları qarşısında bu azsaylı xalqın uzun müddət duruş gətirə bilməsi sadəcə mümkün deyildi və çeçen hərəkatı ona görə də sona çatdırıldı.

Maraqlıdır ki, Cövhər Dudayev Rusiyanın sonunu Ukraynanın yüksəlişi ilə bağlayırdı: “Ukrayna günəşi yüksələndə Rusiya yox olacaq”.

Ukrayna ətrafındakı proseslər işığında bu fikir aktual sayıla bilərmi? Zaman göstərər…

Mission News Theme by Compete Themes.