Press "Enter" to skip to content

Amnesty International-da “zəhərli” iş ortamı var…

Azər Həsrət

Son yeniləmə: 21 Aprel 2021 09:07

Biz desək heç kəs inanmaz. Hətta inanmağa meylli olanlar belə təsəvvür etməyə çətinlik çəkər. Çünki bir çox insanlar elə düşünür ki, əgər bir qurum insan haqlarını müdafiə etmək iddiasındadırsa, orada hər şey əladır.

Amma həmişə elədirmi? Ümumiyyətlə elədirmi?

Biz bu suallara illərdir cavab veririk. Çünki insan haqlarını qoruduğunu iddia edən o təşkilatların içindən keçib gəlmişik. Biz onları “iş başında” görmüşük. Heyrətlənsək də özümüzü toparlayıb sonunu gözləmişik. Gözləmişik görək ki, bunların əsl siması nədir.

Bir az gendən gəlməyimiz təsadüfi deyil. Çünki, dediyimiz kimi, biz illərdir bunları müşahidə edirik, içlərindən keçib gəlirik. Yəni yaxşı tanımaq imkanımız var. Ona görə də sözümüzün ağasıyıq.

Biz deyirdik və deyirik ki, bu beynəlxalq insan haqları qurumları heç də iddia etdikləri kimi deyillər.

Biz deyirdik ki, bu beynəlxalq insan haqları təşkilatları bəzi qüvvələrin-mərkəzlərin-dövlətlərin əlində alətdir.

Biz deyirdik ki, bu beynəlxalq insan haqları təşkilatları elə lap Azərbaycan kimi müstəqil siyasət yürüdən dövlətlərin başının üzərində Domokl qılıncı kimi asılmaq üçündür.

Deyirdik. Çox şey deyirdik. Elə indi də deyirik. Dinləyən, eşidən, eşidib əməl edən olsaydı kaş. Özü də vaxtında, gecikmədən. Çünki gecikəndə artıq çox gec olur…

İngiliscə adı Amnesty International olan, dilimizə gah Beynəlxalq Amnistiya, gah da elə lap Əmnesti İnterneşnl kimi “tərcümə” edilən bir qurumda nə aşkarlansa yaxşıdır? Özü də lap zirvəsində – rəhbərlikdə?

Biz yazacağıq, oxucularımız da heyrətlənəcək. Hətta yenə də inanan deyillər. İddia edənlər olacaq ki, biz “rejimin qullarıyıq” və ona görə də Azərbaycanda insan haqlarını diqqətdə saxlayan beynəlxalq qurumları “qaralayırıq”.

Olsun. Kimin nə deməsindən asılı olmayaraq biz bu mövzuya müraciət edirik. Lakin irəli qaçaraq deyirik ki, bundan sonra yazdıqlarımız artıq bizim deyil, elə o ingilisin özünün – dünyaca məşhur The Guardian qəzetinin araşdırmasının nəticəsidir.

Günah bizdən getdimi? Getdi. İndi görək The Guardian nələr yazır…

The Guardian yazır ki, London mərkəzli Amnesty International təşkilatında irqi ayrıseçkilik var. Özü də sistematikdir. Burada ağlar açıq şəkildə qaraların üzərində özlərini ağa kimi aparırlar. Hətta çəkinmədən N-word və P-word (izahlarını aşağıda təqdim edəcəyik) kimi aşağılayıcı sözlərdən istifadə edirlər. Birinci sözü qaralara, ikincini isə Şərqi Asiya, əsasən də Pakistanlılara münasibətdə işlədirlər. Halbuki belə münasibət açıq irqi ayrıseçkilikdir və yolverilməzdir. Hələ hansısa beynəlxalq insan haqları qurumunda bu hala heç və heç yer olmamalıdır. Lakin illərdir yer varmış və hətta qurumun ən yüksək rəhbərliyi faş olduqlarının ardından qüsurlarını etiraf etməli olub.

Etiraf etməzdi yəqin ki. Amma başqa yolu da qalmayıb. Çünki qarşısına qapı kimi faktlar qoyublar. Dəlil-sübutla özü də. Ki, az da olsa düşüncəsi olan adamın tək seçənəyi elə yanlışı etiraf edib üzr istəmək olardı.

Beləliklə, The Guardian yazır ki, Amnesty International təşkilatında “ağların üstünlüyü mədəniyyəti” var. Təbii ki, qəzet bunu özündən yazmır. Əldə olan bir araşdırmaya əsasən yazır.

Qəzet daha sonra yazır ki, “işçilər yüksək rəhbərlik nümayəndələri tərəfindən davamlı qərəz, N-word və P-word da daxil olmaqla rasist müraciətə məruz qalırlar”.

Katiblikdə aparılmış araşdırma da sübut edir ki, rəhbərliyə daxil olanlar rasist mədəniyyətə sahibdir, digər irqlərdən olanlara münasibətdə aşağılayıcı davranışı açıq şəkildə sərgiləməkdən çəkinmirlər…

Bəs bu məsələ necə ortaya çıxıb? Sadəcə qurumda işləyən və işləmiş 8 nəfər işçi bununla bağlı başlarına gələnləri açıqladıqdan sonra. Onlar rasist münasibətlə bağlı ortaq açıqlamayla çıxış edincə illərdir hökm sürən təşkilatiçi rasizm faş olub.

Bu açıqlamanı yayanlardan biri – Kətrin Odukoya (Katherine Odukoya) deyir: “Biz Amnesty-yə insan haqları pozuntularına qarşı kampaniya aparmaq ümidilə qoşulmuşduq. Lakin təşkilatın bu pozuntuları əbədi yaşatmağa kömək etdiyini görəndə ruhdan düşdük”.

Yəni qurumun lap yüksək zirvəsindəki rəhbərliyin içində işləmiş birisi deyir bunu. Biz nə deyirdik? Biz də eynisini demirdikmi illərdir?

Davam edirik.

Beləliklə, təşkilatın içindəki bu açıq rasizm faş olandan sonra aparılmış araşdırma nəyi təsdiq edib? Yenə də The Guardian-da yayımlanmış yazıdan tərcümə edirik:

1. Yüksək vəzifəlilər öz həmkarlarına qarşı N-word və P-word ifadələrindən istifadə edərkən şikayətlənənləri hədsiz həssas kimi damğalayırlar;

2. Qara dərili işçilər davamlı şəkildə və əsassız yerə sorğu-sual edilir, etnik azlıqdan olanlar bacarıqsız sayılaraq layihələrdən kənar tutulur;

3. Dini icraatlarla bağlı, problemli yozumlara və davranışlara səbəb olan bilgiləndirmə yoxdur;

4. Özəlliklə e-poçt üzərindən və çox zaman da qlobal güneydəki təmsilçiliklərin işçilərinə münasibətdə aqressiv və laqeyd davranış var.

Yəni bu hallar Amnesty International təşkilatının daxilində sürəkli şəkildə yaşanır, adiləşib və uzun müddətdir gizli tutulurmuş.

Lakin ötən ilin oktyabrında tərtib edilmiş hesabat artıq bardağı daşıran damla oldu. Çünki durum o qədər vahiməli idi ki, Amnesty International cidanı çuvalda gizlədə bilməzdi.

Hesabat 46 səhifədir. Lakin mahiyyətini anlamaq üçün sadəcə bir cümləni oxumaq yetərlidir.

Deyilir ki: “Araşdırmalar qəti şəkildə göstərir ki, Amnesty-nin xarici sifəti onun daxili sifətindən olduqca fərqlidir”. Araşdırmaçılar təklif edir ki, məsələni həll etmək üçün “mövcud olan imtiyazlılığı etiraf etmək lazımdır”.

Rəhbərlik məcbur olub etiraf edir ki, “bizim təşkilatda ayrıseçkilik, rasizm – özü də qaralara qarşı rasizm mövcuddur”…

Durumdan şikayətçilər deyir ki, illərdir “adam yerinə qoyulmamaqdan” yorulublar.

Harda baş verir bütün bunlar? Londonda. Dünyaya mədəniyyət, ağıl öyrədən bir qlobal imperiyanın paytaxtında. Özünün daha mədəni millət olduğunu hər fürsətdə göstərən bir millətin nümayəndələridir bu utanc verici duruma səbəb olanlar…

Hə, əlbəttə, faş olunduqdan sonra qüsurlarını etiraf edib üzr də istəyiblər. Amnesty International-ın Böyük Britaniya qolunun direktoru Keyt Allen (Kate Allen), görün nə deyir: “Biz bilirik ki, Böyük Britaniyada institusional rasizm mövcuddur və bir sıra başqa qurumlar kimi biz də bu bariz problemdən xali deyilik”.

İfadəyə diqqət edirsinizmi? Deyir ki, bu cür rasizm təkcə Amnesty International-da deyil, Böyük Britaniyanın hər yerində var. Yəni bu qurumdakı ağların ağalığı elə Böyük Britaniyanın tamamında geniş yayılmış haldır.

Əlavə şərhə ehtiyac varmı? Bizcə, yox…

Hə, bu arada bir müddət öncə bizim də işıqlandırdığımız, hazırda sözünü etdiyimiz yazıda yer alan bir qeydi də tərcümə edirik: “2019-cu ildə bəlli olmuşdu ki, Amnesty International-da “zəhərli” iş ortamı var. İki işçinin 2018-ci ildə intihar etməsindən sonra iş yerində aparılan araşdırmalar geniş yayılmış sataşmaları aşkara çıxarmışdı”…

Sonda: N-word – niger, yəni “qara” sözündəndir. P-word isə əsasən Pakistanlılara işarə edən və bütün Güney Asiyalılara münasibətdə aşağılayıcı tərzdə işlədilən sözdür…

Mission News Theme by Compete Themes.