Bayraqdar.info – Belarus Respublikasının Azərbaycandakı səfiri Respublika Veteranlar Təşkilatının qonağı olub. Bu haqda xəbəri təşkilatın mətbuat xidməti verib.
Qurumun fəaliyyəti ilə tanış olan səfir onun muzeyini də ziyarət edib.
“Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşən səfir Andrey Ravkov, Azərbaycan və Belarus xalqları arasındakı tarixi dostluq əlaqələrindən danışıb, xalqlarımızın Böyük Vətən Müharibəsində faşist işğalçılarına qarşı apardığı birgə mübarizədən bəhs edib. Bu gün də iki dövlət arasında sıx dostluq münasibətlərinin mövcud olduğunu bildirən A.Ravkov, bu münasibətlərin inkişafının hər iki xalqın maraqlarına uyğun olduğunu qeyd edib”, – deyə təşkilatdan bildiriblər.
Belarus səfiri söhbət əsnasında Ermənistanın işğalından azad edilmiş Azərbaycan torpaqlarına səfər etdiyini, orada gördüyü mənzərənin dəhşət doğurduğunu deyib.
Öz növbəsində Fatma Səttarova hər iki ölkənin prezidentləri arasındakı dostluq münasibətlərinə diqqət çəkib. O, bu dostluğun xalqlar arasında münasibətə də sirayət etdiyini deyib.
F.Səttarova 44 günlük Vətən savaşından danışıb və erməni faşizmi üzərində qələbədə Ali Baş Komandan İlham Əliyevin möhtəşəm rolunu qeyd edib.
Polkovnok C.Xəlilov Böyük Vətən Müharibəsində Belarusun – özəlliklə də Minsk və Brest şəhərlərinin müdafiəsində Azərbaycan oğullarının yaxından iştirak etdiyini bildirib. O, dövlətlər arasındakı münasibətlər haqqında da xoş sözlər deyib.
Sonda səmimi qəbul üçün təşəkkür edən Belarus səfiri F.Səttarovaya rəmzi olaraq Belarus istehsalı olan gəlincik hədiyyə edib.