Son yeniləmə: 20 Aprel 2021 16:44
Bayraqdar.info – Güney Azərbaycanın Urmu şəhərindən olan milli-mədəni fəal Salar Tahir Əfşar saxlanılıb.
O, bundan öncə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə etiraz aksiyalarında iştirak etdiyi üçün saxlanılmışdı.
Verilən məlumata görə, aprelin 19-da Urmu (Urmiya) şəhərinin təhlükəsizlik məmurları milli-mədəni fəalın ata evinə basqın edərək onu saxlayıblar.
Yaxınlarının bildirdiyinə görə, milli fəal Urmu şəhərinin təhlükəsizlik idarəsinə aparılıb.
Qeyd edək ki, bundan öncə 4 il həbs cəzasına məhkum edilən milli fəalın cəzası Qərbi Azərbaycan əyalətinin apellyasiya məhkəməsinin 13-cü şöbəsi tərəfindən 1 ilə endirilib.
Qərbi Azərbaycan əyalətinin apelyasiya məhkəməsinin 13-cü şöbəsinin hakimləri Əlipur və Rəcəbi milli fəala qarşı irəli sürülən “qanunsuz təşkilat qurmaq” ittihamından bəraət veriblər.
Onlar ibtidai məhkəmənin “hökumətə qarşı təblığat” ittihamını 1996-cı ildə təsdiq edilmiş İslami Cəza Qanununun 500-cü maddəsinə uyğun hesab edərək S.T.Əfşarın 1 il həbs cəzasını qüvvədə saxlayıblar.
Urmulu fəal 2020-ci il iyulun 16-da, Ermənistan-Azərbaycan sərhədin Tovuz kəsimində baş verən toqquşmadan sonra Azərbaycan Respublikası və ordusuna dəstək məqsədi ilə keçirilən mitinqlərlə əlaqədar Urmuda saxlanılmış və bir neçə gün sonra 50 milyon tümənlik girov müqabilində müvəqqəti azadlığa buraxılmışdı.
Milli fəal dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və təhdid edilib. O, 2019-cu ildə Urmu şəhər İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “qanunsuz təşkilata üzv olmaq” ittihamı ilə 1 il həbs cəzasına məhkum olunmuşdu. Sonradan həbs cəzası 1 milyon tümən dəyərində nağd cərimə ilə dəyişdirildi.
C.E
Qaynaq: GünAz.TV