Press "Enter" to skip to content

Qarabağa görə saxlanılan Güneyli fəallar istintaqa çağırılıb

Son yeniləmə: 20 Aprel 2021 07:41

Bayraqdar.info – Güney Azərbaycanlı milli fəallar Babək Kiyumərsi və Səid Sultani aprelin 17-də son müdafiələri üçün istintaq idarəsinə çağırılıblar.

Babək Kiyumərsi və Səid Sultani bazar günü, aprel ayının 18-də Təbrizin istintaq idarəsinin 16-cı şöbəsinə gedərək onlara qarşı irəli sürülən ittihamlarla bağlı son müdafiələrini ediblər.

Qeyd edək ki, Güney Azərbaycanlı milli-mədəni fəallar, 4 oktyabr 2020-ci il tarixində İranın Ermənistana dəstəyinə etiraz və Qarabağın azadlığı uğrunda Azərbaycan Ordusuna dəstək çağırışları ilə aksiyada iştirak ediblər. Aksiyaçılar eyni zamanda “Nurduz” sərhəd keçid məntəqəsinin bağlanması tələbini irəli sürüblər.

Bu aksiyadan sonra milli fəallar Culfa şəhərindəki iş yerlərində həbs edilib.

Onlar 2 dekabr 2020-cu il çərşənbə axşamı dindirmə prosesinin sonunda Təbrizdəki Kəşfiyyat Nazirliyinin təcridxanasından Təbriz Mərkəzi Həbsxanasının karantin şöbəsinə köçürülüb.

Azərbaycanlı fəallara “ölkəyə müxalif təşkilatlara üzv olmaq” ittihamı irəli sürülüb.

Milli fəallar 3 dekabr 2020-ci ildə 500 milyon tümən girov qarşılığında məhkəməyə qədər müvəqqəti azadlığa buraxılıb.

Xatırladaq ki, hər iki fəal cari il oktyabr ayının 4-də təhlükəsizlik qüvvələri tərəfindən Güney Azərbaycanın Culfa şəhərində yerləşən iş yerlərində həbs edilərək, Təbrizin “Ettelaat” İdarəsinin istintaq təcridxanasına aparılıb.

Təhlükəsizlik orqanları işçiləri Səid Sultanini tutduqdan sonra onun evində təftiş apararaq notbuk, mobil telefon, kitablar və avtomobili də daxil olmaqla bir çox şəxsi əşyalasını müsadirə edərək özləri ilə aparıb. Bundan başqa, Babək Kiyumərsi tutulan zaman təhlükəsizlik orqanları işçiləri onun xanımını döyüblər.

C.E

Qaynaq: GünAz.TV

Mission News Theme by Compete Themes.