Press "Enter" to skip to content

Ortaq media platforması xəyalların gerçəkləşməsidir

Yüksel Değercan: Bu platforma əsasında həm bir millət – iki dövlət olan Azərbaycanla Türkiyə, həm də qardaş türk cümhuriyyətləri bir-birinə daha da yaxınlaşacaq

Bayraqdar.info – “Bir vaxtlar xəyal kimi görünən Türkiyə ilə Azərbaycan arasında ortaq media platformasının yaradılması artıq gerçək oldu. Bu xəyalın reallaşması üçün fitili alovlandıran isə məhz Azərbaycanda və Türkiyədə çalışan jurnalistlər oldu. Çünki belə bir platformanın yaradılmasına ehtiyacın olduğunu hər zaman onlar dilə gətirdilər. Bakıda bir jurnalist olaraq 5 il fəaliyyət göstərdim. Bu müddətdə TRT-nin bütün kanallarının vasitəsilə Azərbaycanın səsi oldum. Azərbaycanın ən böyük problemi olan Qarabağla bağlı həqiqətləri hazırladığım xəbər və proqramlarla Türkiyəyə çatdırdım. Onu da deyim ki, Prezident İlham Əliyevlə ilk müsahibə alan türk jurnalisti mən oldum. Məhz həmin vaxt iki qardaş ölkə arasında ortaq media platformasının bir an öncə yaradılmasını dilə gətirdim. Nəhayət 9 il sonra bu xəyal, bu istək gerçəkləşdi. Bu platforma Türk dünyasına, Azərbaycan və Türkiyəyə xeyirli olsun.”

Bunu bayraqdar.info-ya açıqlamasında “Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması, həmçinin bu sənəd çərçivəsində ortaq media platformasının qurulacağına dair məsələni dəyərləndirən jurnalist, TRT-nin Bakıdakı keçmiş təmsilcisi, “TRT Avaz”ın keçmiş kanal koordinatoru Yüksel Değercan deyib.

Xatırladaq ki, platforma həm Türkiyə, həm də Azərbaycanın media müstəvisində ortaq maraqlar üçün birgə hərəkəti nəzərdə tutur. Bu məqamı yüksək dəyərləndirən Yüksel Değercan bildirib ki, bu platforma əsasında həm bir millət – iki dövlət olan Azərbaycanla Türkiyə, həm də qardaş türk cümhuriyyətləri bir-birinə daha da yaxınlaşacaq: “Bir-birilərinin sevinclərinə, kədərlərinə ortaq olacaqlar. Həm də səslərini dünyaya daha güclü şəkildə çatdıracaqlar”.

Yüksel Değercan ortaq media platformasının yaradılması istiqamətində bəzi təkliflərini də dilə gətirib: “Hesab edirəm ki, ən yaxın vaxtda iki qardaş ölkənin ortaq bir beynəlxalq xəbər agentliyi yaradılmalıdır. Lakin bu agentlik ancaq xəbər verməklə kifayətlənməməli, həm də vizual xidməti ilə önə çıxmalıdır. Fikrimcə, bu agentlik işini elə qurmalıdır ki, əcnəbi portallar üçün müstəqil və etibarlı bir mənbəyə çevrilə bilsin. Əgər postmüharibə dövründə də Azərbaycanın xarici arenada təbliğata çox ehtiyacının olduğunu nəzərə alsaq, o zaman belə bir agentlik bizim üçün ən böyük “hava yastığı” ola bilər. Təbii ki, bu agentlik gələcəkdə eyni zamanda bütün türk cümhuriyyətləri üçün ortaq media qurumuna çevrilə bilər”.

Mission News Theme by Compete Themes.