Bayraqdar.info – Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycan poeziya nümayəndələrinin və onların sənət nümunələrinin böyüməkdə olan gənc nəsil arasında təbliği məqsədilə “Mütaliə edək, dinləyək, tanıyaq” adlı layihəyə başlayıb.
Kitabxananın aprelin 20-də yaydığı açıqlamada bildirilir ki, layihə çərçivəsində Azərbaycan poeziyasının parlaq nümayəndələrinin sənət nümunələrindən ibarət videoçarxlar hazırlanıb: “Kitabxananın əməkdaşları tərəfindən Mikayıl Müşfiq, Rəsul Rza, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Hüseyn Arif, Xəlil Rza Ulutürk və s. şairlərin şeirləri səsləndirilib. Səsləndirilən hər bir şeir nümunəsinə uyğun videoçarx hazırlanaraq kitabxananın sosial şəbəkələrdəki səhifələrində yerləşdirilib. İzləyicilər kitabxananın səhifəsinə daxil olmaqla burada Hüseyn Arifin “Analar”, Nəbi Xəzrinin “Dəniz, göy, məhəbbət”, Nüsrət Kəsəmənlinin “Mən səni unuda bilmirəm axı”, Əli Kərimin “Bakı küləyi”, Bəxtiyar Vahabzadənin “Qorxu”, “Təklik”, “Ürək”, Ramiz Rövşənin “Soğan soya-soya ağlayan qadın…”, Baba Vəziroğlunun “Ömrün ayları” və s. şeirlərini dinləmək, sözü gedən şeir parçalarının hər birinə uyğun hazırlanmış gözoxşayan videoçarxları izləmək imkanı qazanırlar”.
Açıqlamada o da bildirilir ki, Kitabxananın Instagram və Facebook səhifələrində mütəmadi olaraq Azərbaycan poeziyasının parlaq nümayəndələrinin həyat və yaradıcılığına həsr olunmuş paylaşımlar yerləşdirilir. Bu paylaşımlar vasitəsilə izləyicilər qısa müddət ərzində bu və ya digər şair və yazıçı haqqında qısa, eyni zamanda çox dolğun, məzmunlu və faydalı məlumatlar almış olurlar.
Videoları buradan görmək olar.