Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətində istehsal edilən “Teslimat” adlı qısa film ABŞ-ın ən məşhur və Quzey Amerikanın uzun illərdir fasiləsiz keçirilən “Columbus” Beynəlxalq Film və Animasiya Festivalında iştirak edir.
KKTC-nin Azərbaycandakı nümayəndliyindən verilən məlumata görə, rejissoru Doğuş Özokutan olan “Teslimat” bu il 17-18 aprel tarixlərində sayca 69-cu dəfə keçirilən festivalın beynəlxalq qısa filmlər yarışmasındakı 16 finalçıdan biri olmağı bacarıb.
Məlumatda o da bildirilir ki, “Teslimat” 2020-ci ilin noyabrından bu günə kimi dünyada keçirilən 10 beynəlxalq festivalın rəsmi iştirakçısı ola bilib. Bu müddət ərzində İtaliyadakı festivaldan sonra “Tamaşaçı mükafatı”nı qazanıb.
Baş rolu İzel Seylaninin oynadığı “Teslimat” qaçqın dramına fərqli bir tərəfdən yanaşma sərgiləyir. Film, qızının əməliyyat xərclərini təmin etmək üçün bir qrup qaçqının həyatını təhlükə altına ataraq yük maşınında daşıyan sürücünün hekayəsindən bəhs edir.