Press "Enter" to skip to content

Estoniya ziyalıları Çinin təsirinə qarşı həyəcan təbili çalır

Bayraqdar.info – Bir qrup Eston ziyalısı Çin Xalq Respublikasının artan təsiri və bunun səbəb ola biləcəyi təhlükə ilə bağlı müraciətlə çıxış edib.

70-dək tanınmış və cəmiyyət içində söz sahibi olan ziyalının imzaladığı və ictimailəşdirdiyi sənəddə Çinin akademik və media azadlığına təhdid olduğu vurğulanır.

Hökumətə, Estoniya universitetlərinə, müstəqil araşdırma qurumlarına, mediaya və bütün elm, təhsil, mədəniyyət işçilərinə ünvanlanmış müraciətdə bir sıra məsələlərə diqqət çəkilir və ona uyğun addımların atılması vacibliyi qeyd edilir.

Müraciət müəllifləri qeyd edir ki, Çinin həm elm, həm də media sahəsində getdikcə artan təsiri hər keçən gün daha bariz şəkildə özünü göstərməkdədir.

“Çin öz hesabına görə zərərli saydığı araşdırmaçıları, jurnalistləri və qurumları hədəfə alıb. Özəlliklə də Çin üçün həssas olan məsələlərə dəxli olanları. Tibet, İç Monqolustan, Doğu Türküstan, ölkə boyu din azadlığı, Hong Kongda qanunun aliliyinin inkar edilməsi kimi”, – deyə müraciətdə bildirilir.

Çinin istifadə etdiyi üsullar arasında araşdırmaçı və jurnalistləri güdmək, basqı altında tutmaq, yasaqlar tətbiq etmək, vizadan məhrum eləmək, şayiələr yaymaq və hətta cəlbetmə və rüşvət kimi hallar vardır.

“Biz geniş media işıqlandırmasına səbəb olmuş bir sıra məsələlərə diqqət çəkmək istərdik”, – deyən müraciət müəllifləri 3 ayrı bənd üzrə fikirlərini cəmləşdiriblər:

1. Çinin Avropa Birliyi siyasilərinə və araşdırmaçılarına, eyni zamanda 4 ayrı quruma qarşı tətbiq etdiyi sanksiyalar;
2. Çində işləyən jurnalistlərin güdülməsi, işlərinə maneə və sonucda ölkədən çıxarılması. Son bir il ərzində ən azı 18 jurnalist ölkədən çıxarılıb;
3. Oksford Universitetinin öz tələbələrindən işlərini anonim təqdim etmək tələbi. Bu tələb onları Çin rejiminin basqılarından, özəlliklə də Hong Kong milli təhlükəsizlik qanununun tələbləri gərəyincə təqibdən qorumaq məqsədi güdür.

Bu örnəklərə əsaslanan müraciət müəllifləri Estoniya dövlətinin Çinin artan basqı və təsiri qarşısında biganə qala bilməyəcəyini qeyd edirlər.

Buna görə də Estoniya dövləti AB və digər döblətlərlə birlikdə məsələyə dəxli olanların qorunması üçün əks tədbirlər görməlidir.

Bütün bunlardan çıxış edən müraciət müəllifləri Estoniya dövlətini Çinlə bağlı obyektiv informasiya axınını təşviq etmək, Çinin təsirini azaltmaq, Çinin təzyiqlərindən qorunmaq üçün təcili tədbirlər görməyə çağırır.

Mission News Theme by Compete Themes.