Son yeniləmə: 20 Aprel 2021 14:45
Bayraqdar.info – Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyinin qeyd edilməsi haqqında Prezidentin 14 aprel 2021-ci il tarixli Sərəncamından irəli gələrək Müdafiə Nazirliyinin qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində liseyin yubileyinin qeyd edilməsinə başlanılıb.
Bu barədə məlumatı aprelin 20-də Müdafiə Nazirliyi yayıb.
Məktəbin yetirmələri ayrı-ayrı qoşun növlərində xidmət edərək Azərbaycan Ordusunun yaradılması və möhkəmləndirilməsində müstəsna xidmətlər göstərib, Respublikamızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına mübarizə aparıb, bir neçəsi şəhidlik zirvəsinə ucalıb.
Yubiley tədbirində ulu öndər Heydər Əliyevin və Respublikamızın müstəqilliyi, ərazi bütövlüyü və azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə dövlət himni ifa olunub.
Hərbi liseyin rəisi general-mayor Bəkir Orucov bu tarixi Sərəncama görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə kollektiv adından minnatdarlığını bildirib.
Tədbirdə müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbriki şəxsi heyətə çatdırılıb.
Qeyd edilib ki, məktəbin məzunlarından 20 nəfər ali hərbi rütbəyə yüksəlib, 11 nəfər “Azərbaycanın Milli Qəhərmanı” adına layiq görülüb, yüzlərlə məzun döyüş orden və medalları ilə təltif olunub. Həm 1-ci Qarabağ müharibəsində, həm də 44 gün davam edən Vətən müharibəsində hərbi liseyin məzunları böyük rəşadət və şücaət nümunələri göstəriblər: “19 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” (9 nəfər ölümündən sonra) fəxri adına layiq görülmüş, 235 nəfər isə orden və medallarla təltif edilmişdir. Həmçinin, Vətən müharibəsinin ilk günündən etibarən hərbi liseydə xidmət keçən 43 nəfər zabit, 12 gizir, 3 nəfər müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu döyüş əməliyyatlarında iştirak etmiş, onlardan mayor Əliyev Asiman Vaqif oğlu şəhid olmuş, 3 nəfər isə yaralanaraq müxtəlif dərəcəli xəsarətlər almışlar. Hərbi liseyin məzunlarından 114 nəfəri şəhidlik zirvəsinə ucalmışdır”.
Daha sonra yubiley tədbirində müdafiə naziri general-polkovnik Zakir Həsənovun Cəmşid Naxçıvanski adına Hərbi Liseyin bir qrup hərbi qulluqçusunun və pedaqoji heyət üzvünün mükafatlandırılması haqqında əmri oxunub və mükafatlar sahiblərinə təqdim edilib.
Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin vətənpərvərlik musiqiləri ilə sona yetib.