Son yeniləmə: 20 Aprel 2021 17:12
Bayraqdar.info – Aprelin 20-də Avronest PA-nın 9-cu sessiyasının onlayn plenar iclası keçirilib. İclasda Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli və üzvləri Qüdrət Həsənquliyev, Rauf Əliyev, İltizam Yusifov, Məlahət İbrahimqızı, Hicran Hüseynova, Vüqar Bayramov, Nurlan Həsənov iştirak edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilir ki, əvvəlcə Avronest PA-nın həmsədrləri Andrius Kubilius və Maka Botçorişvili quruma üzv ölkələr arasında tərəfdaşlıq və əməkdaşlığın genişləndirilməsi, Şərq Tərəfdaşlığı bölgəsində təhlükəsizliyin təmin edilməsi və ölkələrin ərazi bütövlüyünün qorunması vacibliyindən danışıb. Həmsədrlər bölgədə gedən siyasi proseslərə toxunub, diqqəti böhranların tənzimlənməsi zərurətinə yönəldiblər. Hazırkı pandemiya dövründə yalnız bütün ölkələrin birgə mübarizəsi, həmrəyliyi şəraitində koronavirus infeksiyasına qalib gəlməyin mümkün olduğundan danışıblar.
“Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi dünyanı bürüyən pandemiya şəraitində bölgədəki insanların həyatını xilas etmək üçün görülən işlərdən danışıb, koronavirus infeksiyasına qarşı peyvənd təminatı məsələsinə toxunub. Şərq Tərəfdaşlığı ölkələrində qonşuluq münasibətlərinin tənzimlənməsi, bir sıra sahələrdə inteqrasiyanın, iqtisadiyyatın inkişafına investisiya qoyulmasının vacibliyindən və digər məsələlərdən bəhs edib”, – deyə MM-in açıqlamasında bildirilir.
Daha sonra Avropa Komissiyasının vitse-prezidenti Luk Deviqne Şərq Tərəfdaşlığı ölkələrindəki siyasi vəziyyəti təhlil edib.
Fasilədən sonra plenar iclas işini davam etdirib.
Avropa Parlamentinin prezidenti David Sassoli növbəti sessiyanın rəsmi açılışını edib. O, bildirib ki, Avronest PA Şərq Tərəfdaşlığı bölgəsində parlament ölçüsünü təmsil edir: “Məqsəd Avropa İttifaqı ölkələri ilə Şərq Tərəfdaşlığı ölkələrini yaxınlaşdırmaq və onlar arasında sıx dostluq əlaqələri yaratmaqdır”.
David Sassolinin rəsmi açılış mərasimindəki nitqi dinlənildikdən sonra fasilə elan olunub. Avronest PA-nın plenar iclası gün ərzində işini davam etdirəcək.