Son yeniləmə: 19 Aprel 2021 20:40
Bayraqdar.info – Xəbər verdiyimiz kimi, Ermənistan Prezidenti Armen Sarkisyanın bu günlərdə Gürcüstana səfəri çərçivəsində bir xatirə kitabına Ağrı dağının şəklini çəkməsi, bunun ardınca da Gürcüstan Prezidenti Salome Zurabişvilinin onu sosial media hesablarında paylaşması müəyyən gərginliyə və müzakirələrə yol açıb. Daha doğrusu, Ermənistan Prezidentinin bir ölkə rəhbərinə yaraşmayacaq bu davranışı haqlı narazılıqlara səbəb olub. Məsələyə Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazganın özünəxas diplomatik cavab verməsi isə bir daha türk siyasətinin və diplomatiyasının üstün olmasını göstərir. O, Ermənistanın və ya onun prezidentinin adını çəkmədən çox nəzakətli bir dildə məsələyə münasibət bildirib: “Ağrı dağı Türkiyədə ən yüksək dağdır. 5137 m. Sadəcə əmin etmək istərdim ki, faktlar karikaturistik diplomatiyada itib-batmır.”
Özünün sosial media hesabında etdiyi bu paylaşımı Türkiyə səfiri Google Translate vasitəsilə gürcü və erməni dillərinə də çevirib.
Öz növbəsində Türkiyə Cümhuriyyətinin Azərbaycandakı keçmiş hərbi attaşesi, Türkiyə Ordusunun ehtiyatda olan generalı Yücel Karauz baş verən hadisələrin fonunda ermənilərin Ağrı dağı ağrısının səbəblərinə işıq salmağa çalışıb:
2011-ci ildə Ermənistan Prezidenti tələbələrin Ağrı dağı ilə bağlı sualını belə cavablandırmışdı: “Biz Qarabağı aldıq, bizim nəsil vəzifəsini yerinə yetirdi. Sizlər də öz üzərinizə düşən vəzifəni yerinə yetirib Ağrı dağını alacaqsınız”. Eyni zamanda keçmiş illərdə Rusiyanın anti-türk müxalifətçi siyasətçilərindən olan Vladimir Jirinovski, “yaxın 15 il ərzində Ermənistan bayrağı Ağrı dağında dalğalanacaq” deyə bildirmişdi. Bu məqamda xatırlatmağı özümə borc bilirəm ki, Ermənistanın gerbində də Ağrı dağının rəsmi var. Bu isə beynəlxalq diplomatik qaydalara və nəzakət davarnışlarına zidd olan bir addımdır. Amma görünən odur ki, ac toyuq yuxusunda darı gördüyü kimi Ermənistan rəhbərliyi də Ağrı dağı sevdasından əl çəkmir. Hər halda, Ermənistan Prezidenti Armen Sarkisyanın Gürcüstana səfəri çərçivəsində yol verdiyi hərəkətlər də bunu təsdiqləyir.
Mən bu məqamda bir məsələni xatırlatmağı vacib bilirəm. 2019-cu il aprelin 24-də (24 aprelin hər il qondarma “erməni soyqırımı”nın qeyd olunduğu gün olduğunu diqqətdən qaçırmayaq) Suriyada PKK və YPG-nin nəzdində bir erməni taboru təşkil edildi. Bu taborun heç də təsadüfən yaradılmadığı, məhz regiondakı dağıdıcı güclərin narahatlığından irəli gələn bir addım olduğu qənaətindəyəm. Sonra da Türkiyə və Azərbaycanın getdikcə güclənməsinin fonunda cərəyan edən hadisələr, Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etməsi, həmçinin Türkiyənin regional güc kimi önə çıxaraq Suriya tərəfindən terrorun dəstəklənməsinə yönəlik atılan addımların qarşısını alması, Liviyadakı sülhsevər fəaliyyətləri regiondakı dağıdıcı güclərin “narahatlığının” heç də əsassız olmadğını ortaya qoydu.
Bu məqamda bir atalar sözünü xatırlatmağı özümə borc bilirəm. Deyir, qurd gəlincə məhəllənin bütün itləri bir araya gələr. Bunu təsadüfən xatırlatmadım. Məsələ burasındadır ki, yuxarıda bəhs etdiyim erməni taboru 2020-ci ildə Azərbaycanın apardığı Vətən müharibəsi zamanı Ağrı dağından və İrandan keçərək, Qarabağda Azərbaycana qarşı döyüşməyə cəhd etdi. Onu da deyim ki, onlar Suriyadan gəldikləri üçün erməni dilində bilmirdilər və PKK terrorçuları ilə aralarında qurulan rabitə əlaqəsi zamanı aparılan danışıqlar qeydə alınıb. Bu da ermənilərin öz fəaliyyətlərində hər zaman terrorçuluağa əsaslandığını bir daha təsdiqləyir. Eyni zamanda onu da qeyd edim ki, sözügedən tabor məhz Nubar Ozanyan adlı bir terrorçunun adını daşıyır. O Nubar Ozanyan ki, Anadolunun tam ortasında, Yozgat rayonunda anadan olub. Məlumat üçün bildirim ki, o, öncə “TKP-ML TİKKO” (Marksizm-Leninizm-Maoizm nəzəriyyəsinə əsaslanan təşkilatın silahlı qanadı) terror təşkilatında fəaliyyət göstərib. 1980-ci il 12 sentyabr çevrilişindən sonra Fransaya gedərək orada terrorçuluq fəaliyyətini davam etdirib. Bu müddət ərzində Fələstində də terrorçuların hazırlanmasında yaxından iştirak edən Nubar Ozanyan 1991-92-ci illərdə Xocalıda azərbaycanlılara qarşı soyqırımının törədilməsində və birinci Qarabağ müharibəsi zamanı Azərbaycan türklərinə qarşı hər cür qanlı əməllərin reallaşmasında yaxından iştirak edib. Bundan sonra Suriyada PKK-YPG terror qruplaşması tərkibində, həmçinin Tuncelidə fəaliyyət göstərib.
Ən nəhayət, 2019-cu il aprelin 24-də qurulan, ötən il Azərbaycan ordusuna qarşı döyüşlərdə içtirak edən, erməni terrorçusunun adını daşıyan, Ermənistanda olduğu müddətdə Göyçə gölü sahilindəki Vardenis düşərgəsində təlim keçən bu taborun herbində də Ağrı dağının rəsmi var.
Ermənilərin Ağrı dağı xəstəliyindən söz düşmüşkən, onu da xatırladaq ki, PKK içindəki “Ağrı qartalları” adlı ermənilərdən təşkil edilən daha bir terroçu birləşmə də məhz Qarabağ müharibəsi zamanı tamamilə darmadağın edilib.
Sonda bir daha girişdə qeyd etdiyim məqama toxunmaq istəyirəm. Yəni görünən odur ki, Türkiyə və Azərbaycanın güclənməsi düşmənlərimizi ciddi şəkildə narahat edib. Və onlar bu narahatlıqlarını indi də Ağrı dağı “kölgəsindən” nümayiş etdirməyə cəhd göstərirlər. Lakin bu cəhdlər əbəsdir. Bu gün yatanda yuxusunda darı görən ac toyuqlara, yəni, Ağrı dağı xülyasında olanlara məsləhət görərdim ki, ehtiyatlı olsunlar. Xaricdəki bəzi güclərin (Ağrı dağı təxribatının arxasında da Fransa barmağının olmasına dair məlumatlar dolaşır) oyununa alət olmasınlar. Yəni düyü həvəsinə düşüb, əllərindəki bulqurdan da olmasınlar. Çünki onlar bu şəkildə boş xəyallar arxasınca qaçdıqca erməni xalqı daha da ağır durumlarla üzləşəcək.