Press "Enter" to skip to content

Türkiyə COVID19 peyvəndinin istehsalına qərar verdi

Son yeniləmə: 19 Aprel 2021 10:25

Bayraqdar.info – Yayılan təsdiqlənmiş xəbərlərə görə, Türkiyə COVID19 əleyhinə Rusiya ixtirası olan “Sputnik V” peyvəndinin istehsalına qərar verib.

Türkiyə mediası (haberler.com) xəbər verir ki, aparılan araşdırmaların olumlu (pozitiv) nəticəsini nəzərə alaraq Koronavirus Bilim Qurulu rus ixtirası olan peyvəndin ölkədə istehsalını uyğun görməsi haqqında qərarını açıqlayıb.

Qurulun üzvü Dr. Afşin Emre Kayıpmaz bununla bağlı deyib ki, gərəkli yoxlamalar aparıldıqdan sonra peyvəndin istehsalı uyğun görülüb.

Xatırladaq ki, Rusiya ixtirası olan “Sputnik V”-nin Türkiyədə istehsalıyla bağlı hələ bu ilin yanvarında iki ölkə arasında razılaşma imzalanmışdı.

Peyvəndin bir dozasının 10 dollara başa gələcəyi də verilən xəbərlər arasındadır. Bu isə onun Çindən alınan “Sinovac” peyvəndi ilə eyni qiymətə olması deməkdir. Lakin önəmli olan artıq yurd dışı asılılıqdan qurtulmaq və prosesə nəzarətin sahibi olmaqdır.

Türkiyənin digər peyvəndlərin də daxildə istehsalı imkanları yönündə araşdırmalar və danışıqlar apardığı gələn xəbərlər arasındadır.

Qardaş ölkənin peyvənd istehsalına qoşulması Azərbaycan üçün də faydalı ola biləcək. Çünki dövlətlər arasındakə etibar ölkəmizin sözünü tutmayan digər peyvənd istehsalçılarından asılılığını azaldacaq.

Qeyd edək ki, Azərbaycan da Rusiya istehsalı olan “Sputnik V”-nin sifarişçiləri arasındadır. Eyni zamanda onun istehsalı imkanları da nəzərdən keçirilir. Bunu bugünlərdə Sankt Peterburqda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşən Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib. (sputnik.az)

Şura sədri onu da deyib ki, Azərbaycanın sifariş etdiyi “Sputnik V” peyvəndləri aprel-may aylarında ölkəmizə çatdırılacaq.

Təsdiqlənən ümumi sonuclara görə, “Sputnik V” peyvəndi 91 faiz özünü doğrulda bilib. 2020-ci ilin avqustunda Rusiya Səhiyyə Nazirliyinin qeydə aldığı peyvənd artıq dünyanın müxtəlif ölkələrinə ixrac edilməkdədir.

Mission News Theme by Compete Themes.