Press "Enter" to skip to content

Telman Nüsrətoğlu: Türk Şurasının ortaq media platforması vacibdir -ÖZƏL

Telman Nüsrətoğlu

Bayraqdar.info – “Türk dünyası üçün tarixi mərhələlərin birindən keçirik. Türk dünyasının inteqrasiyasının dərinləşdirilməsi, yeni bir türk gücünün ortaya çıxarılması baxımından çox əhəmiyyətli proseslər gedir. Artıq 30 ilə yaxın bir dövr ərzində türk cümhuriyyətləri də müstəqilliklərini dərinləşdirərək inteqrasiyaya, yeni bir türk gücünün ortaya çıxmasına hazır görünürlər. Türkiyə də artıq 30 il əvvəlki Türkiyə deyil. Bu gün Türkiyə regionun önəmli bir gücünə çevrilib. Balkanlardan Orta Asiyaya qədər böyük bir coğrafiyada Türkiyənin varlığı, siyasi çəkisi, mədəni çəkisi hiss olunur. Bu mənada biz yeni dövrün təbii ki, media platformasını da, Türk dünyasının ortaq media platformasını da qurmalıyıq.”

Bunu bayraqdar.info-ya özəl açıqlamasında tarix elmləri doktoru, Türk İslam Araşdırmaları Mərkəzinin başqanı Telman Nüsrətoğlu deyib.

“Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanmasının, həmçinin Bakıda Türk Şurasının informasiya və media üzrə yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısının keçirilməsinin bu baxımdan önəmli addımlar olduğunu deyən Telman Nüsrətoğlu, bununla bağlı təklifini də səsləndirib: “Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın da ifadə etdiyi kimi, istər Türk Şurasının çərçivəsini, istərsə də bu qurum daxilində formalaşacaq vahid media platformasının çərçivəsini bir qədər geniş tutmalıyıq. Çünki Türk Şurasına üzv olmaq istəyən əlavə dövlətlər də var. Bu qurum çox ciddi siyasi güc mərkəzinə çevrilə bilər. Bunu bir növ Türk-İslam aləminin güc mərkəzi kimi düşünmək lazımdır. Yəni gələcəkdə Pakistanın, Əfqanıstanın, Macarıstanın, o cümlədən də tarixi türk dövlətlərinin yaranmış olduğu coğrafiyaları əhatə edən Monqolustan kimi dövlətlərin də daxil olması ilə bu çox geniş bir spektri əhatə edə bilər. Bunu təbii ki, bir Avropa Birliyi modeli kimi düşünsək, Türk Şurasının ortaq televiziya kanalının, ortaq media platformasının, irəlidə bəlkə ortaq media agentliyinin yaradılması da vacib və əhəmiyyətlidir. Nəzərə alsaq ki, dünyada Türk-İslam aləminə qarşı təxribat xarakterli çoxlu informasiya hücumları olur, qara PR kampaniyaları həyata keçirilir və Qarabağ məsələsində də biz bunun bir daha şahidi olduq, o zaman müasir texnologiyalar vasitəsilə dünyaya həqiqətləri çatdırmaq üçün bizim də ortaq elektron mediamızın yaranmasına böyük ehtiyac var. Yəni, dərinləşən inteqrasiyaının önəmli istiqamətlərindən biri də məhz ortaq media platformasının formalaşdırılmasıdır. Bunun təməlləri atılıb, məsləhətləşmə, strukturlaşma prosesi gedir. Mən bunun perspektivini güclü görürəm. Çünki bizim böyük bir potensial gücümüz var. O potensial güc aktiv gücə çevrilməlidir. Bir sözlə bu, bütün insanlığa xitab edən yeni bir güc mərkəzinin sözünü və ya baxışlarını dünyaya çatdıran qlobal bir media platforması kimi formalaşdırılmalıdır”.

Zəruri xatırlatma: Vurğulamaq yerinə düşər ki, martın 19-da Türkiyə Cümhuriyyətinin Prezidenti Recep Tayyip Erdoğan “Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu təsdiqləyib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də sənədi daha öncə təsdiqlədiyi üçün artıq qüvvəyə minmiş sayılır. Memoranduma görə, hər iki ölkə birlikdə bu sənəd çərçivəsində ortaq “Media platforması” quracaq. Platforma həm Türkiyə, həm də Azərbaycanın bu müstəvidə ortaq maraqlar üçün birgə hərəkətini nəzərdə tutur.

Qeyd edək ki, 6 maddəlik sənəd 2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanıb. Sənədi Türkiyə adına Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Fahrettin Altun, Azərbaycan adına isə Prezidentin Xarici əlaqələr üzrə köməkçisi Hikmət Hacıyev imzalamışdı.

Aprelin 10-da isə Bakıda Türk Şurasının informasiya və media üzrə yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısı keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Türkiyə Prezidenti Administrasiyası Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Kayrat İmanaliyev, Özbəkistan Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev, Qazaxıstanın informasiya və ictimai inkişaf nazirinin müavini Asxat Oralov, Macarıstanın Xarici Əlaqələr və Ticarət Nazirliyinin təhlükəsizlik siyasəti üzrə dövlət katibi Peter Sztaray, Türk Şurasının Baş katibi Bağdad Amreyev və digər rəsmi şəxslər iştirak ediblər.

Mission News Theme by Compete Themes.