Press "Enter" to skip to content

“Salon” silsilə tədbirlərindən beşincisi keçirilib

Son yeniləmə: 19 Aprel 2021 15:12

Bayraqdar.info – Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə virtual “Salon” (“Salons”) silsilə tədbirlərindən beşincisi keçirilib. Nyu-York İncəsənət və Dizayn Muzeyinin Fəxri sədri Barbara Toberin dəstəyi ilə təşkil olunan vebinar “Liberallıq və transformasiya: Müasir incəsənətin Azərbaycanda ifadə formaları” mövzusuna həsr olunub.

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, tədbirdə “Müasir Azərbaycan incəsənəti” kitabının müəllifi Lesli Qrey və qalerist-kurator Əfsanə Tahirova spiker qismində iştirak edib.

Təqdimata Sovet hakimiyyəti üçün səciyyəvi olan rəssamlıq nümunələrindən başlayan Ə.Tahirova o dövrdə fəaliyyət göstərmiş Tahir Salahov, Mikayıl Abdullayev, Əşrəf Murad, Mircavad və Tofiq Cavadov qardaşları, Səttar Bəhlulzadə və Toğrul Nərimanbəyov kimi görkəmli sənətkarların adlarını çəkib və onların SSRİ tərəfindən sosialist realizmi cərəyanı çərçivəsində göstərilən təzyiqə birbaşa və ya dolayı yolla öz etirazlarını əks etdirdikləri əsərləri haqqında məlumat verib.

Vebinarın sonunda müxtəlif sualları cavablandıran çıxışçılar Azərbaycanda müasir incəsənət nümunələrini formalaşdıran amillər arasında antropoloji təsirlərin xüsusi yer tutduğunu, eləcə də gənc sənətkarların öz əsərlərində milli-mənəvi dəyərlərlə yanaşı daha ümumbəşəri hadisələrə yer verərək özlərini ifadə etdiklərini bildiriblər.

Məlumat üçün bildirək ki, indiyədək təşkil olunan “Salon” silsilə tədbirlərindən əvvəlkilər “Sülh, saziş və trans-Qafqaz regionu: Azərbaycana iqtisadi baxış” mövzusu ilə Azərbaycanın biznes mühiti və iqtisadi əlaqələrinə, “İpək yolunda mədəniyyət, həyat tərzi və biznes: Qafqaz regionunda optimizm rəmzi olan müasir memarlığa diqqət” mövzusu ilə Azərbaycanda memarlıq sənətinin inkişafı və tarixinə, “Əsrlər boyunca cazibə: Azərbaycan xalçalarının tarixi” mövzusu ilə Azərbaycan xalçaçılığına, “İpək yolunun sirləri: Azərbaycanda şərabçılıq sənayesinin gələcəyi” mövsusu ilə Azərbaycanın şərabçılıq ənənələrinə həsr olunub.

Mission News Theme by Compete Themes.