Press "Enter" to skip to content

Sabir Rüstəmxanlıdan Rusiyadakı azərbaycanlılara dəstək çağırışı

Bayraqdar.info – “Məlum olduğu kimi Rusiya Federasiyası Daxili işlər nazirliyi MDB-yə üzv olan dövlətlərdən öz vətəndaşlarını bu il iyun ayının 15-nə qədər Rusiya ərazisindən çıxarmağı tələb edib.”

Bu sözlər Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) ictimailəşdirdiyi xəbərdəndir. Xəbərdə qeyd edilir ki, “hazırda Rusiyada Özbəkistandan 332 min, Tacikistandan 247 min, Ukraynadan 152 min, Azərbaycandan 120 min, Qırğızıstandan 115 min, Ermənistandan 61 min, Moldovadan 56 min, Qazaxıstandan 49 min adam qeyri-leqal yaşayır”.

Məsələyə millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı da münasibət bildirib: “Keçmiş Sovetlər imperiyasının süqutundan sonra onun ərazisində yaşayan xalqlar azadlıq əldə edib müstəqil dövlətlər qursalar da, postsovet ölkələri arasında mədəni-iqtisadi sahədə əlaqələr davam edir, insanlar vizasız gediş-gəliş üstünlüyündən istifadə edərək daha çox bu ölkələrə üz tutur. Üstəlik, ayrı-ayrı respublikalarda sosial-iqtisadi problemlərin hələ də öz həllini tapmaması bu respublikalar arasında miqrasiya prosesinə təkan verməkdədir. Xüsusilə də köhnə Sovet istehsal obyektlərinin əksəriyyətinin bugünkü Rusiya Federasiyasında yerləşməsi və bunun nəticəsində həmin respublikada işçi qüvvəsinə daha çox ehtiyacın olması insanların bu ölkənin ayrı-ayrı şəhərlərinə axınına rəvac verib. Təbii ki, azərbaycanlılar da bu prosesdə istisna təşkil etmir. Rusiyaya gedən soydaşlarımızın müəyyən qismi bu ölkənin dövlət və qeyri-dövlət strukturlarında, elm-istehsal müəssisələrində, mədəniyyət və incəsənət institutlarında mühüm postlar tutmaqla yanaşı, müəyyən qismi də bazarlarda gündəlik dolanışıq mənbəyi axtarışı ilə məşğuldur”.

Azərbaycanlıların ölkəmizi tərk edib Rusiyaya yerləşməsində millət vəkili bu dövlətin bölgədə apardığı siyasətin də mühüm rol oynadığını deyib: “Bu cür məcburi miqrasiyanın əsas səbəblərindən biri də soydaşlarımızın erməni quldurları tərəfindən öz tarixi torpaqlarından qovulması, Dağlıq Qarabağ və ətraf rayonlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və nəticədə bir milyon insanın evsiz-eşiksiz, işsiz qalması ilə əlaqədardır. Xalqımızın bu faciələri yaşamasında Rusiyanın Ermənistana himayədarlıq etməsi, onu silahlandırması da danılmaz faktlardandır. Bu mənada hazırda Rusiyada yaşayan azərbaycanlıların çoxu belə bir acı taleyi yaşamış adamlardır və onlar oraya xoş gündən getməyib. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, yaxın gələcəkdə vətəndaşlarımız öz dədə-baba yurdlarına qayıdacaq. O zaman heç bir məcburiyyət olmadan Rusiyadan da minlərlə soydaşımız vətənə dönəcək. Amma belə insanlıq faciələrinə dünyanın hər yerində, xüsusilə qonşu ölkələr anlayışla yanaşır, hətta belə insanların ruhi-psixoloji durumu nəzərə alınır. Şimal qonşumuz isə nəinki bunu nəzərə alır, əksinə, münasibətləri gərginləşdirməyə çalışan qüvvələrə münbit şərait yaradılır və hər dəfə miqrant faktorundan Azərbaycana təzyiq vasitəsi kimi istifadə edir”.

S.Rüstəmxanlı Rusiya Daxili İşlər Nazirliyi rəsmisinin son bəyanatı ilə bağlı Azərbaycan hökumətinin təcili tədbirlər görməsinin vacibliyini də vurğulayıb: “Bir müddət öncə Milli Məclisdəki çıxışlarımın birində əlaqədar təşkilatlara, o cümlədən, Xarici İşlər Nazirliyinə və ASAN Xidmətin rəhbərliyinə müraciət etmişdim. Rusiyada, Türkiyədə və Almaniyada qanunsuz yaşayan həmvətənlərmizin deportasiya olunmaq təhlükəsi və sənəd əldə etmək çətinlikləri barədə məlumat vermişdim. Eyni zamanda xahiş etmişdim ki, ASAN xidmətin səyyar briqadaları həmin ölkələrə göndərilsin və orada qanunsuz yaşayan vətəndaşlarımızın, onların ailə üzvlərinin müvafiq sənədlərlə təmin olunmasını təşkil etsin. Rusiya Federasiyasına indi də səyyar briqadaların göndərilməsi gec deyil. Bu prosesə başlanılarsa, Rusiya Federasiyası da Azərbaycan vətəndaşlarına bir necə ay güzəştə gedə bilər. 120 min əmək fəaliyyəti ilə məşğul olan həmvətənimizin Azərbaycana deportasiya olunması onların hüquq və azadlıqlarının pozulmasına, ölkədə işsizliyin artmasına, iqtisadi problemlərə və digər narahatlıqlara səbəb ola bilər. Odur ki, ASAN Xidmət, Rusiyadakı səfirlik və konsulluqlarımız digər dövlət təşkilatları ilə birlikdə gözlənilən deportasiyanın qarşısının alınması üçün qabağlayıcı tədbirlər görməlidirlər”.

Mission News Theme by Compete Themes.