Bayraqdar.info – 2020-ci ilin may ayından etibarən bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portalda (edvgerial.az) 1 milyon 340 mindən çox istifadəçi qeydə alınıb. “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2021-ci ilin 1-ci rübünün sonunadək portalda qeydiyyatdan keçmiş istifadəçilər tərəfindən iki bank üzrə ümumilikdə 147 milyon 111 min 792 çek üzrə 60 milyon 192 min 462 manat ƏDV məbləği geri qaytarılıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, 2021-ci ilin 1-ci rübü ərzində çek əlavə edən müştərilərin sayında artım dinamikası müşahidə edilib. Belə ki, əgər yanvar ayında portalda qeydiyyatdan keçmiş 779 min 18 istehlakçı sistemə çek əlavə etmişdisə, mart ayında bu rəqəm 1 milyon 26 min 757 nəfərə çatıb. Bu da “ƏDV geri al” layihəsinə olan marağın sürətlə artmasını göstərir. Bütövlükdə 2021-ci ilin 1-ci rübü ərzində 67 milyon 101 min 388 kassa çeki üzrə 26 milyon 770 min 74 manat ƏDV məbləği istehlakçılara geri qaytarılıb.
Məlumatda o da qeyd olunur ki, 2020-ci ilin may ayından ölkədə pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm uğurla tətbiq edilir. “Kapital” Bank və Azərbaycan Beynəlxalq Bankının maliyyə partnyorları olduğu, biznes ictimaiyyəti və vətəndaşlar tərəfindən rəğbətlə qarşılanan layihə iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verir.
Xatırladaq ki, qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı bir neçə məqama diqqət yetirilməlidir. İlk növbədə istehlakçı, yəni alıcı və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb edilməlidir. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür. İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər.