Son yeniləmə: 19 Aprel 2021 16:50
Bayraqdar.info – Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev bu ölkədə səfərdə olan Tatarıstan Prezidenti Rüstəm Minnixanovla görüşüb.
Bu haqda xəbəri Qazaxıstan Prezidentinin Administrasiyasından veriblər.
Görüş zamanı Q.Toqayev Tatarıstanla münasibətlərə yüksək dəyər verdiklərini bildirib. O, Tatarıstan Prezidentinin Qarağandı vilayətinə səfəri, buradakı Saran şəhərində şin zavodunun tikintisinə başlanılmasında iştirakını xüsusi qeyd edib.
“Bu, artıq konkret işdir. Biz bu müəssisəyə çox böyük ümidlər bəsləyirik”, – deyən Qazaxıstan Prezidenti qeyd edib ki, Tatarıstanın “TatNeft” və KAMAZ kimi nəhənglərindən əlavə başqa müəssisələrin də ölkəsində fəaliyyətinə dair örnəklər var.
Tatar mədəniyyətinə yaxşı bələd olduqlarını deyən Q.Toqayev bildirib ki, pandemiya bitən kimi Qazaxıstanda Tatarıstan mədəniyyəti günlərinin keçirilməsini təşkil edəcəklər. O, eyni zamanda deyib ki, Nur-Sultan şəhərinin küçələrindən birinə böyük tatar ədibi Qabdulla Tuqayın adını vermək qərarına gəliblər.
Tatarıstanın keçmiş Prezidenti Mintimer Şaymiyevin də salamını çatdıran Rüstəm Minnixanov onunla qazax xalqının lideri Nursultan Nazarbayev arasındakı xoş münasibətləri xatırladıb. O, bu iki liderin gələcək işbirliyi üçün yaxşı təməllər atdığını ayrıca vurğulayıb.
Tərəflər bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.